CƏMİYYƏT
Narkotiklərin satışını həyata keçirən və tibb müəssisələrindən oğurluq edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 7 mart, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan Rəşad Bağırov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən bir kiloqrama yaxın heroin, metamfetamin və elektron tərəzi aşkarlanıb.
Araşdırma nəticəsində müəyyən olunub ki, saxlanılan şəxs xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onların ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri satmaq məqsədilə qəbul edib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə rayon ərazisində yerləşən özəl tibb müəssisələrindən oğurluqlar edən şəxs - əvvəllər məhkum olunmuş Elnur Fərzəliyev saxlanılıb. Araşdırma zamanı onun klinikalarda çalışan həkimlərin içərisində pul, qızıl-zinət əşyaları, mobil telefonlar, bank kartları və digər aksesuarlar olan çantalarını oğurladığı sübuta yetirilib. Elnur Fərzəliyevin zərərçəkənlərə 2 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rəşad Bağırov və Elnur Fərzəliyevin digər analoi cinayətlər törətməsi istisna edilmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, 102 Xidməti - Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.