CƏMİYYƏT
“Narkotiklərsiz gələcəyə doğru” mövzusunda keçirilən tədbirdə sosial bəlaya qarşı mübarizə formalarından danışılıb
Bakı, 30 noyabr, AZƏRTAC
Nərimanov rayonunda “Narkotiklərsiz gələcəyə doğru” mövzusunda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən bildiriblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini İradə Mahmudova narkomaniyanın ciddi sosial problem olduğunu qeyd edərək, narkotik vasitələrə aludəçiliyin cinayətkarlığa, zorakılığa və digər neqativ hallara mühit yaratdığı, məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərdiyi, gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırmağa və ailələrin dağılmasına səbəb olduğu barədə məlumat verib. O, 2017-2018-ci tədris ilində orta ixtisas və ali təhsil müəssisələrində narkomanlığa qarşı maarifləndirici-profilaktik mübarizə tədbirləri, diskussiyalar keçirildiyi, tam orta məktəblərdə açıq dərslər, rəsm sərgiləri və inşa yazı müsabiqələri, müxtəlif idman yarışları təşkil edildiyi, narkomaniyanın fəsadlarını əks etdirən xüsusi bukletlər paylandığı barədə söhbət açıb.
Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev öz çıxışında məsələ ilə əlaqədar dövlət səviyyəsində keçirilmiş tədbirlər barədə, müsadirə və məhv edilmiş narkotik maddələrin, onların prekursorları barədə statistik məlumatlar verib.
Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli, rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə öz çıxışlarında uşaq və gənclərə narkotik və psixotrop maddələr, onların dövriyyəsi, xüsusən gənclər arasında yayılmasının təhlükəsi barədə ətraflı bəhs ediblər.
Sonra Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin antinarkotik mövzuda əl işlərindən ibarət sərgiyə baxış keçirilib.