DÜNYA
Nasist düşərgələri haqqında filmlərin müəllifi Klod Lantsman 93 yaşında vəfat etdi
Bakı, 5 iyul, AZƏRTAC
Fransa jurnalisti və sənədli filmlər müəllifi Klod Lantsman 93 yaşında Parisdə vəfat edib. Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Aleksandr Peçorski Fondunun rəhbəri İlya Vasilyev Sobibor üsyanı tarixinin təbliğində Klod Lantsmanın böyük rolu olduğunu deyib. Vurğulayıb ki, Klod Lantsman irsi Aleksandr Peçorski fondu üçün çox vacibdir. Klod Lantsman Holokost, Avropa yəhudilərinin fəlakəti haqqında sənədli kinoda xüsusi müəllif üslubuna malik idi. O, iri plandan istifadə edər, hadisələrin şahidləri ilə çox söhbət edərdi. Sobiborun əsl qəhrəmanları haqqında “Sobibor, 1943-cü il oktyabrın 14-ü, saat 16:00” filmini çəkib. 2001-ci ildə ekranlara çıxan bu film Klod Lantsmanın üsyanın fəal iştirakçılarından olan Yəhuda Lernerlə söhbətinə əsaslanıb.
Klod Lantsman 1925-ci il noyabrın 27-də dünyaya gəlib. Onun “Şoa” filmi beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülüb.