CƏMİYYƏT
“Nat Geo Wild” telekanalında Azərbaycandakı Qafqaz bəbiri ilə bağlı veriliş yayımlanıb VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
“Nat Geo Wild” telekanalı Qafqaz bəbiri ilə bağlı veriliş hazırlayıb. Fotoqraf və rejissor Adrian Stern bu veriliş üçün Azərbaycanda çəkilişlər aparıb. Ekspedisiyanın məqsədi nadir yırtıcı olan Qafqaz bəbirini lentə almaq olub.
Telekanalda nəsli kəsilməkdə olan bəbirlə bağlı silsilə verilişlər yayımlanacaq. Adrian Sternin Azərbaycandan hazırladığı ilk veriliş artıq nümayiş olunub.
Qeyd edək ki, ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində ardıcıl işlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) dəstəyi ilə bəbirlərin populyasiyasının bərpası üçün layihə həyata keçirilir. Bu layihə çərçivəsində bu günlərdə Hirkan Milli Parkı ərazisində ana bəbirin 2 balası ilə fotosu qeydə alınıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ərazisində Həsən Əliyev adına Zəngəzur Milli Parkında da bəbir ailəsi 3 balası ilə görüntülənib.