İDMAN
Natalya Sinişin İslamiadada gümüş medalla kifayətlənməli olub
Bakı, 21 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
Mayın 21-də Azərbaycan güləşçisi Natalya Sinişin IV İslam Həmrəyliyi Oyunlarında gümüş medalla kifayətlənməli olub.
AZƏRTAC xəbər verir ki, Avropa Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Natalya Sinişinin mübarizə apardığı 55 kiloqram çəki dərəcəsində dörd idmançı yarışıb. İlk görüşdə güləşçimiz Qazaxıstan təmsilçisi Emma Tissiniyə tam üstünlüklə qalib gəlsə də, sonrakı görüşdə nigeriyalı Odunayo Folasade Adekuoroyeye uduzub. Sonuncu görüşdə Türkiyə təmsilçisi Bediha Gün üzərində 7:3 hesabı ilə qələbə qazanan güləşçimiz yarışı gümüş medalla başa vurub.
Bu çəki dərəcəsində bürünc medala türkiyəli Bediha Gün layiq görülüb.
Medalları idmançılara Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin katibi Könül Nurullayeva təqdim edib.