Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Natiq Əmirov: Davos Forumunda Azərbaycana və Prezident İlham Əliyevə çox böyük maraq var idi

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov Azərbaycan Televiziyasının “Həftə” proqramına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

“Həftə” proqramının aparıcısı Faiq Hüsiyev: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Rəsmi və işgüzar səfərlərdə, beynəlxalq tədbirlərdə dövlətimizin başçısı respublikamızın əldə etdiyi uğurları, eyni zamanda, Dağlıq Qarabağ problemini daim dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu isə qonşu dövlətlərlə milli maraqlarımıza uyğun münasibətlərin qurulmasına, regionda yaşayan insanların mənafeyinə xidmət edən təşəbbüslərin irəli sürülməsinə, habelə bölgədə Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanmasına imkan verir. Bu gün qlobal enerji və kommunikasiya layihələrinin uğurla reallaşdırılması, Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolunun artması iqtisadi qüdrətimizə yeni güc verir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi müsbət nəticələrə səbəb olub. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərinə işgüzar səfəri çərçivəsində Dünya İqtisadi Forumunda keçirdiyi bir sıra görüşlərdə qeyd etdiyimiz məsələlər barədə ətraflı danışılıb. Mövzu ilə bağlı söhbətimizi qonağımız – Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovla davam etdirəcəyik.

-Natiq müəllim, söhbəti bir qədər geniş miqyasda – əvvəldən başlamaq istərdim. Ümumiyyətlə, Davos İqtisadi Forumu nə deməkdir?

-Davos İqtisadi Forumu 1971-ci ildə Klaus Şvab tərəfindən təsis edilib və əsas etibarilə, dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin müzakirə edildiyi ən böyük platformaya çevrilib. Siyasətçilər bu Foruma 1974-cü ildən başlayaraq dəvət olunurlar. Həmin ildən başlayaraq Davos Dünya İqtisadi Forumu təkcə aktual iqtisadi məsələlərin deyil, həm siyasi, həm də ictimai məsələlərin müzakirə olunduğu ən böyük platformaya çevrilib. Davos İqtisadi Forumunda dünyanın iqtisadi prioritetləri müəyyənləşdirilir, dünya siyasətinin əsas istiqamətləri müzakirə olunur. Dünya iqtisadiyyatına təsir göstərən bir çox qərarlar, yeni ideyalar, innovativ yanaşma tərzləri məhz Davos İqtisadi Forumunda yaradılıb. Misal olaraq, BRİKS təşkilatının inkişaf bankının yaradılması ideyası 2011-ci ildə Davos Forumu çərçivəsində iqtisadçılar Lord Stern və Cosef Stiqlits arasında gedən müzakirələrdən yaranıb və sonradan öz inkişafını tapıb. Bu il Beynəlxalq Valyuta Fondu və digər maliyyə institutları öz illik hesabatlarını məhz Davos İqtisadi Forumunda açıqlayıb. Eləcə də bu qurumlar dünya iqtisadi siyasətinin prioritetləri, mövcud vəziyyət, təhdidlər barədə geniş açıqlamalarını məhz Davos İqtisadi Forumunda verirlər. Ümumiyyətlə, Davos İqtisadi Forumu siyasətçilərin, biznes adamlarının və ictimai təşkilatların bir araya gələrək, qarşılıqlı müzakirəsini təmin edən ən böyük institut, ən böyük platformadır ki, bu platformada insanlar, iqtisadçılar, siyasətçilər, biznes adamları rahat şəkildə öz müzakirələrini təşkil edə bilirlər. Bu il Davos İqtisadi Forumuna 70-dən artıq ölkənin dövlət və hökumət başçıları gəlmiş, müxtəlif müzakirələrdə dünyanın 900-dən artıq aparıcı şirkəti iştirak etmişdir. 2018-ci ildə keçirilən Davos İqtisadi Forumu 48-ci iqtisadi forumdur və burada 3 mindən artıq iştirakçı olub. Builki Forumun əsas mövzusu “Parçalanmış dünyada paylaşılan gələcək yaratmaq” idi. Forumda bütün müzakirələr əsasən bu deviz altında aparılıb, dünyanın gələcəyi və burada iqtisadi proseslərin həllinə qarşılıqlı yanaşma məsələləri öz əksini tapıb. Eyni zamanda, iştirakçılar Forumun yaratdığı şəraitdən istifadə edərək, öz ölkələrinin müxtəlif tədbirlərini, iqtisadi və digər sahələrdə apardıqları siyasətləri, ölkələrində baş verən mühüm siyasi hadisələri digər iştirakçılara və dövlət başçılarına təqdim edə bilirlər. Misal olaraq, builki Davos İqtisadi Forumunda Azərbaycan “Ekspo 2025” layihəsinə öz namizədliyini irəli sürən ölkə kimi Forum iştirakçılarına təqdimat keçirib.

-Forumda ölkəmizə, həm də cənab Prezidentə çox böyük maraq var idi. Biz bilirik ki, cənab Prezident artıq 12-ci dəfədir bu Forumda iştirak edir.

-Tamamilə doğrudur. Həqiqətən Davos Forumunda Azərbaycana və Prezident İlham Əliyevə çox böyük maraq var idi. Həm digər ölkələrin rəhbərlərinin, şirkət rəhbərlərinin, həm də ictimaiyyətin diqqətini açıq-aydın görmək mümkün idi. Cənab Prezident artıq 12-ci dəfədir ki, bu Forumda iştirak edirdi. Bu illər ərzində o, Davosda 183 görüş keçirib ki, bunlardan 33-ü bilavasitə dövlət başçıları ilə keçirilən görüşlərdir. Bu illər ərzində cənab Prezident 19 hökumət başçısı, 23 nazir və digər hökumət rəsmiləri, 90-dan artıq şirkət rəhbəri, 18 beynəlxalq təşkilatın rəhbərləri ilə görüşlər keçirib. Dövlətimizin başçısı 27 dəfə Forumun sessiyalarında iştirak edib, 7 dəfə kütləvi informasiya vasitələrinə müsahibə verib. Mən xüsusi bir faktı vurğulamaq istərdim ki, qeyd etdiyim görüşlərin hamısı qarşı tərəfin təşəbbüsü ilə keçirilib. Yəni, Azərbaycan Respublikasının Prezidenti hər hansı bir görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etməyib. Bu dəfə mən özüm də canlı şahidi oldum ki, cənab Prezidentin ən böyük qayğılarından biri də görüşlərin necə minimallaşdırılması idi. Belə ki, görüş üçün həddindən artıq müraciət var idi və bu müraciətlər arasında seçim etmək, doğrudan da bəzən müəyyən çətinliklər yarada bilirdi. Bütün bu 12 il ərzində eyni proses davam edib, yəni, məhz cənab Prezidentlə görüşmək istəyənlərin təşəbbüsü ilə görüşlər təşkil olunub.

-İstəyirəm ki, söhbətimizi cənab Prezidentin iş qrafiki ilə bağlı sualla davam etdirək. Forumda cənab Prezidentin iş qrafiki kifayət qədər gərgin olub. İstəyirəm ki, bu haqda danışasınız.

-Əslində Davos səfərləri zamanı cənab Prezidentin iş qrafiki hər zaman kifayət qədər mürəkkəb və gərgin olub. Çünki daha əvvəl qeyd etdiyim kimi, cənab Prezidentlə görüş keçirmək, onu öz sessiyalarına dəvət etmək istəyən qurumlar, dövlətlər həddindən artıq çoxdur və cənab Prezident bu səfərində də 3 gün ərzində 30-dan artıq görüş keçirib. Görüşlər hər gün səhər saat 7-dən başlayır və günün sonuna qədər davam edirdi. Bu görüşləri əsasən 4 istiqamətə ayırmaq olar. Birincisi, siyasi əhəmiyyət daşıyan görüşlərdir. Bunlara dövlət başçıları ilə, habelə beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər daxildir. Bildiyiniz kimi, cənab Prezident Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, İsrailin Baş naziri Benyamin Netanyahu, İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset, eyni zamanda, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih, OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşüb. Bu görüşlər siyasi əhəmiyyəti ilə yanaşı, Azərbaycanın Dünya İqtisadi Forumunda mövqeyinin təmsil edilməsi, Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi, eyni zamanda, həm beynəlxalq təşkilatlarla, həm də sözügedən dövlətlərlə Azərbaycanın qarşılıqlı əlaqələrinin müzakirəsi baxımından çox faydalı olub. İkinci istiqamət iqtisadi əhəmiyyət daşıyan görüşlər idi. Bu görüşləri də 4 kateqoriyaya bölmək olar. Bu görüşlər özündə nəyi əhatə edir? İlk növbədə, dünyanın böyük şirkətlərinin Azərbaycana marağı və Azərbaycan Prezidenti ilə görüşmək istəyindən irəli gələn məsələlər idi. Cənab Prezident bir çox şirkətlərlə onların müraciətinə əsasən Davos İqtisadi Forumunda görüşdü. Bu şirkətlər hansılardır? Birinci kateqoriyaya dünya investisiya şirkətlərini aid edə bilərik. Dövlətimizin başçısının birinci görüşü Amerikanın məşhur “Black Rock” investisiya şirkətinin rəhbəri ilə oldu. “Black Rock” şirkəti dünyanın ən böyük investisiya şirkəti olmaqla, 6,3 trilyon dollar investisiya portfelini idarə edir. Şirkətin 70-dən artıq ölkədə ofisi fəaliyyət göstərir. Cənab Prezidentlə müzakirələrində şirkətin rəhbəri çox maraqlı bir məqama toxundu. O, Azərbaycana səfər etmək və son illərdə ölkəmizdə cənab Prezidentin həyata keçirdiyi iqtisadi islahatları, mövcud olan və əlavə yaranan investisiya imkanlarını bir daha araşdıraraq Azərbaycanla əməkdaşlığı növbəti, daha üst səviyyəyə keçirmək istədiyini bildirdi. Bildiyiniz kimi, “Black Rock” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Fondunun əməkdaşlıq etdiyi investisiya şirkətlərindən biridir və Fondun vəsaitlərinin bir hissəsinin idarə edilməsində də iştirak edir. Lakin görüşdə “Black Rock” şirkətinin rəhbəri Azərbaycanı, sadəcə, investor kimi deyil, həm də “Black Rock” şirkətinin investisiya hədəfi kimi görmək və Azərbaycana investisiya yatırımları imkanlarını araşdırmaq üçün ölkəmizə səfər etməkdə maraqlı olduğunu qeyd etdi. Daha əvvəl qeyd etdiyim kimi, dünyanın ən böyük investisiya şirkətinin – 6,3 trilyon dollar həcmində bir portfeli idarə edən şirkətin rəhbəri cənab Prezidentə müraciət edərək investisiya qoymaq, investisiya imkanlarını dəyərləndirmək üçün Azərbaycana səfər etmək niyyətində olduğunu bildirir. Cənab Prezident də səfər üçün lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verdi.

Həmçinin Amerikanın “Blackstone” şirkəti 400 milyard dollara yaxın bir investisiya portfelini idarə edən şirkətdir və dünyanın 25 ölkəsində ofisi mövcuddur. “Blackstone” müxtəlif ölkələrdə böyük həcmli investisiyaları, xüsusilə daşınmaz əmlak və digər sahələrə investisiya yatıran və portfeli idarə edən bir şirkətdir və Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə də əməkdaşlıq edir.

Növbəti istiqamət isə lider texnologiya şirkətləri ilə görüş idi. Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi islahatların özəyində qeyri-neft sektorunun inkişafı durur. Qeyri-neft sektorunun inkişafı üçün insan kapitalının inkişafı vacibdir. İnsan kapitalının inkişafından doğan trend isə yüksək texnologiyalara söykənən iqtisadiyyatların formalaşmasıdır.

-Yəni, cənab Prezidentin qeyd etdiyi kimi, qeyri-neft sektorunun inkişafı əsas məsələlərdən biri kimi bizi maraqlandırır.

-Bu zaman insan kapitalı və yüksək texnologiyalarla yüksək dəyər yaradan istehsallara yönəlik iqtisadiyyatı inkişaf etdirmək lazımdır. Cənab Prezidentin bu siyasəti istər Davosda, istər dünyanın digər qlobal transkontinental şirkətlərinin maraqları ilə üst-üstə düşdüyü üçün onlar cənab Prezidentin bu siyasətində çox maraqlı idilər. Maraqlı məqam o idi ki, həm kuluarlarda, həm görüşlərdən sonra məlum olurdu ki, şirkətlər Azərbaycanda aparılan islahatlar, cənab Prezident tərəfindən qəbul edilmiş qərarlar, xüsusilə son illər ərzində həyata keçirdiyi tədbirlər barədə çox məlumatlıdırlar və bu tədbirlərin hansı istiqamətdə inkişafını da proqnozlaşdıra bilirlər. Ona görə də dünyanın nəhəng texnologiya şirkətlərinin rəhbərləri cənab Prezidentlə görüşmək həvəslərini, xahişlərini bildirirdilər. Misal üçün, “CİSCO” şirkətini qeyd etmək olar. Maraqlıdır ki, “CİSCO” şirkətinin dünyanın 165-dən çox ölkəsində 380 ofisi var və işçilərinin sayı 74 minə yaxındır. “CİSCO” şirkətinin Azərbaycanın müxtəlif qurumları ilə əməkdaşlıq əlaqələri mövcuddur və həm dövlət sektorunda, həm də özəl sektorda kifayət qədər təmsil olunur. Görüşdə şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Azərbaycan Respublikası Prezidentinin apardığı iqtisadi islahatlar, həyata keçirdiyi iqtisadi yönümlü tədbirlərin bilavasitə “CİSCO” şirkəti tərəfindən dəstəklənəcəyini və aparılan bu islahatlarda “CİSCO” şirkətinin iştirak etmək istəyini cənab Prezidentə bildirdi. Cənab Prezident yüksək texnologiya şirkətlərinin Azərbaycana gəlməsini, investisiya qoymasını, Azərbaycan şirkətləri ilə əməkdaşlığı artırmasını məmnunluqla qarşıladığını bildirərək, aidiyyəti üzrə tapşırıqlarını verdi.

Dövlətimizin başçısının görüşdüyü digər bir şirkət “Microsoft” şirkətidir. Düşünürəm ki, bu şirkətin geniş təqdimata ehtiyacı yoxdur. “Microsoft” 441 milyard ABŞ dolları kapitallaşma və 100 min nəfər işçi ilə dünyanın lider texnologiya şirkətidir. Şirkətin rəhbəri də görüşdə dövlətimizin başçısının liderliyi ilə Azərbaycanda əldə edilən iqtisadi uğurların, aparılan iqtisadi proseslərin iştirakçısı olduqlarını, həmçinin bu iştirakçılığı daha da genişləndirmək istəklərini, Azərbaycanın gələcəyinə inamı ifadə etdi. Eyni zamanda, bildirdi ki, bütün təhlillər Azərbaycanın regiondakı mövcud liderliyini daha da genişləndirəcəyini, ölkənin daha da irəli gedəcəyini göstərir. Şirkət Azərbaycanın bu siyasətində öz yerini tutmaq və cənab Prezidentlə bir yerdə bu prosesin iştirakçısı olmaq istəyini və Azərbaycana maraqlarını bildirdi.

Başqa bir istiqamət isə infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərlə görüş idi. Buraya “Royal Philips”, həmçinin “MasterCard” və “SUEZ GROUP” şirkətlərini aid edə bilərik. Fransanın “SUEZ GROUP” şirkəti infrastruktur layihələri üzrə dünyanın ən innovativ şirkətlərindən biridir. Azərbaycanda da müəyyən sahələrdə, xüsusilə də su sistemlərinin bərpasında, yağış sularının toplanması, emalı və yenidən istifadə edilməsində və digər bir sıra layihələrdə iştirak edib. Şirkətin dünyanın 70-dən çox ölkəsində ofisləri mövcuddur. Bu sahədə ən innovativ texnologiyaları gətirən, tətbiq edən bir şirkət kimi cənab Prezident “SUEZ GROUP” şirkəti ilə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olundu və şirkətin rəhbəri Azərbaycanın infrastruktur layihələrində iştirak etməkdə və Azərbaycana yeni texnologiyaların gətirilməsində maraqlı olduqlarını bildirdi.

“MasterCard” şirkəti dünyanın 210 ölkəsində fəaliyyət göstərir və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, “MasterCard” Mərkəzi Bank ilə birlikdə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin hazırlanmasında iştirak edir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycanda mövcud olan bank kartlarının – kredit və debit kartlarının təxminən 49-50 faizi “MasterCard”a məxsusdur. Kartlarla olan ümumi dövriyyənin 33 faizi də “MasterCard”ın payına düşür və bu artım son iki ildə baş verib. Belə ki, son iki il ərzində “MasterCard” Azərbaycanda öz dövriyyəsini və kartlarının sayını 15 faizə qədər artıra bilib.

Bundan başqa, Davos Forumu çərçivəsində cənab Prezident “Lazard Freres”, “Royal Philips”, dünyanın nəhəng neft şirkətləri, o cümlədən “Lukoil” və digər neft şirkətləri ilə görüşlər keçirib. Bir daha qeyd etmək istərdim ki, bütün bunlar Azərbaycanın liderinə, Azərbaycan dövlətinin gələcəyinə, ölkədə olan siyasi, iqtisadi sabitliyə və cənab Prezident tərəfindən həyata keçirilən bu siyasətin davamlılığına, etibarlılığına olan inamın təzahürü, göstəricisi idi.

-Belə bir sualım var. Ümumiyyətlə, ərazi baxımından Azərbaycan elə də böyük ölkə deyil. Əhali baxımından da çox böyük ölkə deyil. Ölkəmizə bu maraq haradan yaranır, bu marağın arxasında nə durur?

-Çox sağ olun. Bu, doğrudan da çox maraqlı bir sualdır. Davos İqtisadi Forumunun ümumi gündəliyini, orada baş verən prosesləri, müzakirələri müqayisə etsək, Azərbaycanın özünün son 10-15 illik tarixində kiçik bir Davos halına gəldiyini görərik. Çünki dünyada baş verən bütün innovativ proseslər Azərbaycanda bir növ əks olunub, ölkənin gündəlik həyatında aparılan siyasətdə öz əksini tapıb. Əslində ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdandan bəri Azərbaycan ən azı postsovet məkanında ən çox islahat aparan ölkədir. Əgər 2003-cü ilə qədər bu islahatlar əsasən dövlət quruculuğunu və siyasi islahatları əhatə edirdisə, 2003-cü ildən bu günə qədər cənab Prezident tərəfindən aparılan islahatların kökündə iqtisadi, institusional və sosial sahələri dəstəkləməklə həyata keçirilən islahatlar durur. Dünya ictimaiyyəti də bunu görür. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasət nəticəsində Azərbaycanın, ilk növbədə, siyasi rolunun həm bölgədə, həm də dünyada hansı bir səviyyəyə çatdığını hər kəs müşahidə edir. Bunu beynəlxalq reytinq agentlikləri, dünyanın müxtəlif sorğu şirkətləri və digər beynəlxalq qurumlar öz hesabatlarında bildirirlər. Bunlar nədən ibarətdir? Bu baxımdan, məsələn, Davos Dünya İqtisadi Forumunun elan etdiyi “Qlobal rəqabətlilik hesabatı”nı qeyd etmək olar. Bu hesabata görə, Azərbaycan rəqabətqabiliyyətlilik üzrə dünyada 35-ci yerdədir. Azərbaycan MDB ölkələri üzrə birincidir, bir çox Avropa ölkələrindən isə öndədir. Rəqabətlilik hər şey deməkdir. “Qlobal rəqabətlilik hesabatı”nda 35-ci yer ölkədə aparılan həm siyasi, iqtisadi, sosial siyasətin vəhdətini, həm də ölkədə siyasi sabitliyin mövcudluğunu göstərən əsas amillərdən biridir. Biz “Qlobal rəqabətlilik hesabatı”nda böhran illəri sayılan, neftin qiymətinin aşağı olduğu bu illərdə belə 2 pillə irəliləyərək 35-ci yerdə qərarlaşmışıq.

Bundan əlavə, “Biznesin mürəkkəbliyi” adlı indeksdə son 1 il ərzində Azərbaycan 20 pillə irəliləyib. Biznesin mürəkkəbliyi nəyin göstəricisidir? Dövlətin biznesə müdaxiləsi və dövlətin biznes üçün yaratdığı şərait. Hesabatın təhlili göstərir ki, Azərbaycan biznesə dövlət tərəfindən verilən dəstək, həmçinin dövlət tərəfindən biznesə olan müdaxilələrin azlığı baxımından dünyada lider ölkələr səviyyəsinə gəlib. Cənab Prezident tərəfindən istər yoxlamaların azaldılması, istər investisiya təşviqi sənədlərinin verilməsi, istərsə də sənaye zonalarının və digər texnoparkların yaradılması istiqamətində görülən tədbirlərin və həyata keçirilən digər islahatların, o cümlədən institusional və struktur islahatlarının nəticəsi olaraq Azərbaycan biznesin mürəkkəbliyi kateqoriyasına görə 20 pillədən çox irəliləyib. Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” hesabatında Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri olub. Cənab Prezidentin rəhbərliyi ilə, demək olar ki, bütün sahələr üzrə islahatlar həyata keçirilib və bütün bu tədbirlərin nəticəsi olaraq biz “Doing Business” hesabatında ötən ilə nəzərən 8 pillə irəliləyərək 57-ci yerdə qərarlaşmışıq.

-Maraqlıdır ki, Avropanın öz ölkələri sıralanmada bizdən sonradır.

-Tamamilə doğrudur. Daha bir indeksdə – “İnklüziv inkişaf indeksi”ndə 2018-ci ildə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında 3-cü, MDB ölkələri arasında 1-ci yerdədir. “İnklüziv inkişaf indeksi” çox önəmli bir indeksdir. Davosdakı çıxışında cənab Prezident qeyd edib ki, biz islahatları elə bir mərhələdə, elə bir hazırlıq şəraitində keçirdik ki, vətəndaşlarımız islahat prosesini bu islahatlardan əziyyət çəkmədən yaşadılar. Yəni, islahatlar sosial paket və əhalinin sosial durumunun dəstəklənməsi istiqamətində atılan addımlarla elə uzlaşdırıldı ki, bu proses əhali üçün çox rahat, eyni zamanda, onların sosial vəziyyətinin pisləşməməsi şəraitində keçdi. Amma biz ümumi islahatlar aparan ölkələrin tarixçəsinə fikir versək, görərik ki, islahat aparan hər bir ölkədə demək olar, əhali müəyyən dövr ciddi əziyyət çəkir, müəyyən şoklar yaşanır. Lakin Azərbaycan şəraitində cənab Prezidentin məhz doğru, düzgün və ardıcıllıqla həyata keçirdiyi islahatlar yolu ilə əhalinin sosial müdafiəsi daha da gücləndirilib. Azərbaycanda işsizlik üzrə 5 faizə qədər, yoxsulluq üzrə 5 faizdən bir qədər artıq - 5,4 faiz olmaqla, çox yüksək göstəricilər əldə edilib.

İnklüziv inkişaf həm də Azərbaycanın bütün regionlarının bərabər inkişafını nəzərdə tutur. Belə ki, yalnız Bakı şəhəri və yaxud hansısa bir bölgə deyil, Azərbaycanın bütün bölgələri bu dövr ərzində ciddi inkişaf mərhələsini yaşayıb. Regionlar istər sosial, istər iqtisadi, istər insan kapitalının inkişafı baxımından inanılmaz bir hala gəlib. Odur ki, Azərbaycan 2018-ci il üzrə “İnklüziv inkişaf indeksi”nə görə dünyada 3-cü yerdədir. Eyni zamanda, daha bir indeks – siyasətçilərə ictimai etimada görə biz dünyada 20-ci yerdəyik. Cənab Prezident hər zaman qeyd edib ki, bizim nailiyyətlərimizin, uğurlarımızın mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı və iqtidar arasında olan vəhdət, qarşılıqlı anlaşma və Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasətin xalqımız tərəfindən mütləq dəstəklənməsi ölkəmizin siyasi, iqtisadi və digər uğurlarının əsasını təşkil edir və bu da öz növbəsində, iqtisadi və siyasi sabitliyə gətirib çıxarır. Buna görə də təsadüfi deyil ki, siyasətçilərə etimada görə Azərbaycan dünyada 20-ci yerdədir.

-Əslində xalq-iqtidar birliyinin ən yaxşı göstəricisi elə söylədiyiniz bu rəqəmdir.

-Tamamilə doğrudur. Bu, xalq-iqtidar birliyinin bilavasitə real həyatda göstəricisidir. Bu birlikdən irəli gələn nailiyyətlər də yuxarıda sadaladığım həmin reytinqlərdə Azərbaycan dövlətinin mövqeyində və onun liderlik mövqeyində öz əksini tapır. “Dövlət tənzimlənməsi yükü” adlanan bir indeks var və bu indeks dövlət tərəfindən iqtisadi proseslərin və biznes mühitinin tənzimlənməsi səviyyəsini ölçür. Bu indeks üzrə biz dünyada 15-ci yerdə qərarlaşmışıq. Dünyanın bir çox ölkələrini geridə qoyuruq. Eyni zamanda, “Bərabərsizlik” adlı bir indeks var ki, sosial bərabərsizliyin aradan qaldırılması üçün dövlətin gördüyü tədbirləri əks etdirir. Orada da biz demək olar ki, dünyada inklüzivlik indeksində olduğu kimi, 3-cü yerdə, MDB ölkələri üzrə 1-ci yerdəyik. Yəni, sizin “Azərbaycanı dünyanın diqqətində saxlayan məsələ nədir” sualınıza cavab olaraq, birinci növbədə cənab Prezidentin gərgin əməyi və şəxsi nüfuzunu qeyd etmək istəyirəm. Mən vurğulayım ki, bütün bu proseslərdə Prezidentin şəxsi nüfuzu həqiqi mənada parlaq bir şəkildə gözə çarpır.

-Əslində, hər bir siyasətçi üçün ən gözəl göstərici elə budur.

-Bəli. Düzdür, tarixdə şəxsiyyətin rolu müxtəlif kateqoriyalarda, müxtəlif dövrlərdə müxtəlif cür qiymətləndirilir. Lakin cənab Prezidentin şəxsi nüfuzunun bu dərəcədə yüksək olması Azərbaycanın dünyanın böyük dövlətlərini onların maraqları ilə bərabər öz orbitində saxlamasına imkan verir. Yəni, baxmayaraq ki, sizin daha əvvəl qeyd etdiyiniz kimi, əhalisinə və ərazisinə görə nisbətən kiçik olan bir ölkə dünyanın nəhəng dövlətlərini öz orbitində saxlamağı bacarır və həmin dövlətlər bu regionla əlaqədar, bir sıra hallarda isə bu regionla bağlı olmayan layihələrdə Azərbaycan dövlətinin maraqlarını nəzərə alırlar, Azərbaycan Respublikasının Prezidenti ilə hesablaşırlar, müzakirələr aparırlar. İkinci məsələ, Prezidentin şəxsi nüfuzu, gərgin əməyinin nəticəsi olan yuxarıda sadaladığım amillərdir ki, Azərbaycanı dünyanın diqqət mərkəzində saxlayır, Azərbaycan investisiya imkanları olan ölkə kimi dəyərləndirilir və siyasi xadimlər, iş adamları, beynəlxalq təşkilatlar ölkəmizlə qarşılıqlı əməkdaşlıq şəraitində işləməyə çalışırlar.

-Natiq müəllim, hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafı prioritet sahə kimi götürülsə də, hər halda Azərbaycan neft-qaz ölkəsi kimi tanınır. Bunu açıq etiraf eləmək lazımdır. Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin çox böyük payı var.

-Tamamilə doğru deyirsiniz. Azərbaycan yeganə ölkələrdən biridir ki, öz qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqla yanaşı, həm də enerji ölkəsi olaraq mövqeyini qoruyub saxlayır. Hətta bir sıra hallarda enerji resurslarının tranziti, daşınması və eyni zamanda, istehsalı üzrə də nəinki öz mövqeyini qoruyur saxlayır, hətta bir qədər də qabağa aparır. Buna misal olaraq, cənab Prezidentin Davosda keçirdiyi görüşləri göstərə bilərəm. OPEC-in sədri Məhəmməd Barkindo cənab Prezidentlə görüşdə çox məmnuniyyətlə vurğuladı ki, 2016-cı ilin sonunda OPEC və OPEC üzvü olmayan ölkələrin birgə müzakirəsi və neft hasilatının tənzimlənməsi barədə qərarların qəbulunda və ümumiyyətlə, bu dövlətlərin bir araya gələrək bu istiqamətdə qərarların qəbul edilməsində cənab Prezidentin çox mühüm rolu olub. Azərbaycan Respublikasının Prezidenti həmin proseslərdə əhəmiyyətli mövqe tutaraq qərarların qəbulunda çox müsbət rol oynayıb və bu qərarların qəbulu da sonradan gördüyümüz kimi, neft hasilatının tənzimlənməsi ilə neftin qiymətinin də artmasına və ədalətli dəyərinin formalaşmasına mühüm təsir göstərib. Cənab Prezident Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşdü. Səudiyyə Ərəbistanı neft hasilatı üzrə dünyanın ən böyük dövlətlərindən biridir. Dövlətimizin başçısı “Lukoil”, “Chevron”, “BP” kimi şirkətlərin rəhbərləri ilə görüşdü. Bunlar dünyada neft siyasətini müəyyənləşdirən və yönləndirən dövlətlər və qurumlardır. Cənab Prezident Ümummilli Liderin əsasını qoyduğu neft strategiyasını elə bir ustalıqla həyata keçirir ki, dünyanın neft nəhəngləri olan bütün bu sadaladığım dövlətləri və həmin o nəhəng şirkətləri Azərbaycan öz orbitində saxlayır. Yəni, onlar bütün məsələlər üzrə bir nöqtəyə gəlib Azərbaycan Prezidenti ilə məsləhətləşirlər, Azərbaycan Prezidentinə öz planlarını təqdim edirlər, Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin siyasəti ilə maraqlanırlar və Azərbaycana münasibətdə öz siyasətlərini ona uyğun qururlar. Bunlar hamısı Azərbaycanın təkcə qeyri-neft ölkəsi, qeyri-neft sektorunu inkişaf etdirən bir ölkə kimi deyil, eyni zamanda, ciddi bir enerji ölkəsi kimi öz mövqelərini qoruyub saxladığını göstərir.

-Amma bütün bunlarla yanaşı, bizim qeyri-neft sektorumuzda da çox böyük artım var. Ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda formalaşır. Mövzudan bir qədər kənara çıxıb belə bir sual vermək istəyirəm. Bu gün dünya bazarında 1 barrel neftin qiyməti təqribən 70 ABŞ dolları ətrafında formalaşır və bu, gələcəkdə qeyri-neft sənayesində aparılacaq islahatlara hansısa bir formada təsir edə bilməzmi və ümumiyyətlə, hansısa bir arxayınlıq yaratmazmı?

-Bəli, bu gün 1 barrel neftin qiyməti təqribən 70 ABŞ dolları ətrafında formalaşır. Biz Davos gündəliyinə fikir versək, cənab Prezidentin iştirak etdiyi sessiyaya, eyni zamanda, görüşlərdə söylədiyi fikirlərə baxsaq görərik ki, cənab Prezident bu sualı cavablandırarkən bildirdi ki, neftin yüksək qiyməti artıq Azərbaycanın iqtisadi inkişafının drayveri kimi çıxış edə bilməz. Cənab Prezident hökumət qarşısında aydın mesaj qoyaraq aydın tapşırıqlar verib. Bildiyiniz kimi, 2018-ci il üçün dövlət büdcəsində neftin qiyməti 1 barrelə görə 45 ABŞ dolları civarında götürülüb. Neftin yüksək qiymətindən yaranan fərq yalnız Azərbaycanın strateji valyuta ehtiyatlarının artırılmasına, ölkəmizin onsuz da dünya miqyasında kifayət qədər kiçik olan dövlət borcunun bir az da azaldılmasına imkan verəcək. Bildiyiniz kimi, Azərbaycanda dövlət borcu ümumi daxili məhsula nisbətdə olduqca kiçikdir. Bu baxımdan Azərbaycan dünyada lider ölkələrdən biridir. Amma cənab Prezident hökumət qarşısında tələb qoyur ki, bu kiçik borc daha da kiçilməlidir və Azərbaycanın neftin qiymətindən yaranan gəlirləri ölkənin strateji valyuta ehtiyatlarının artırılmasına yönəlməlidir. Hökumət qurumları qarşısında isə bilavasitə qeyri-neft sektorunun inkişafı, qeyri-neft sektorundan dövlətin, vətəndaşların gəlirlərinin artırılması istiqamətində addımları dəstəkləmək və buradan gələn gəlirlərlə ölkəni idarə etmək tələbini qoyub. Bu tələbdən irəli gələn siyasət də hökumət tərəfindən icra olunur. Qeyd olunan müzakirədə də cənab Prezident bu fikirləri səsləndirərək deyib ki, neft, enerji ölkəsi olaraq bu sahədən əldə etdiyi gəlirlərin Azərbaycanın ümumi inkişafının bünövrəsini təşkil etməsinə baxmayaraq, ölkənin gələcək inkişafını qeyri-neft sektorunun inkişafında görür və qeyri-neft sektorunun da inkişafı Azərbaycanda bu dəqiqə prioritet sahələrdən biridir. Azərbaycanın qeyri-neft sənayesi 4 faiz, qeyri-neft sektoru isə 2,7 faiz artıb. Bütün bunlar o illərdə baş verib ki, dünyanın bir çox ölkələri, xüsusilə neft hasil edən ölkələr ciddi tənəzzül dövrünü yaşayır, iqtisadiyyat geriləyirdi. Amma cənab Prezidentin də bildirdiyi kimi, Azərbaycan qeyri-neft sektorunun inkişafına, qeyri-neft sənayesinin artımına nail olur, həmçinin strateji valyuta ehtiyatlarımız 4 milyard yarım ABŞ dollarına qədər artır.

-Artıq valyuta ehtiyatlarımız 42 milyard ABŞ dollarıdır.

-Bəli, bu, çox ciddi uğurdur. Bunların təməlində cənab Prezident tərəfindən hazırlanan və həyata keçirilən iqtisadi islahatlar və digər tədbirlər durur.

-Cənab Prezident çıxışında da vurğuladı ki, təkcə son 1 il ərzində Azərbaycanda 177 min yeni iş yeri açılıb. Yəni, bunun özü də ölkənin dinamik inkişafından xəbər verən amillərdən biridir.

-Tamamilə doğrudur. Davos Forumunda Azərbaycan Prezidentini çoxsaylı tədbirlərə, sessiyalara, görüşlərə dəvət edirdilər. Amma cənab Prezident “Strateji baxış: Avrasiya” adlı interaktiv müzakirəyə qatıldı. Azərbaycan Televiziyasında da yayımlanan bu müzakirədə də cənab Prezident bildirdi ki, Azərbaycanda 177 minə qədər yeni iş yeri yaradılıb. Bu iş yerləri elə-belə yaradıla bilməz. Bu iş yerləri bütün regionlarda yaradılıb. “İnklüziv inkişaf indeksi”ndə də gördüyümüz kimi, təkcə Bakıda, yaxud fərdi bir sahədə yaradılan iş yerləri deyil. Azərbaycanın, demək olar ki, bütün regionlarında, iqtisadiyyatın bütün sahələrində biz iş yerlərinin artımını müşahidə edirik. İqtisadiyyatın istər kənd təsərrüfatı, istər sənaye, istər digər sahələrini əhatə edən ciddi inkişafı müşahidə edirik. Bunlar da cənab Prezidentin həmin sessiyada səsləndirdiyi fikirlərdir.

-Natiq müəllim, eyni zamanda, vurğulamaq lazımdır ki, bu gün Azərbaycan özü böyük bir nəqliyyat mərkəzi kimi dünya ictimaiyyətinin diqqətindədir. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin reallıq kimi ortada olması – bütün bunlar çox böyük göstəricidir.

-Davos Forumunda ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycanın həm liderliyi, həm təşəbbüsü, həm də mühüm rolu ilə həyata keçirilən 2 nəqliyyat dəhlizi idi. Birinci növbədə də yüklərin Çindən Avropaya daşınması üçün ən qısa quru yolu kimi müəyyən edilən və dünyada bu şəkildə qəbul olunan Şərq-Qərb nəqliyyat dəhlizi.

-Yüklər mənzil başına 14 günə rahat dəmir yolu xətti ilə çatır.

-Bəli. Hazırda bu müddət 60-70 günə qədərdir. Nəticədə, müddət təqribən 3 dəfəyə yaxın azalır və bu yol ən qısa quru yolu kimi artıq dünya tərəfindən qəbul olunur. İkinci istiqamət isə Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu da Hindistan, İran, Pakistandan yüklərin quru yolu ilə Avropa ölkələrinə çatdırılmasını nəzərdə tutur. İlk baxışda iqtisadi layihə kimi görünsə də, bu layihələr çox mühüm siyasi layihələrdir. Bu iki layihənin həyata keçirilməsi üçün dünya dövlətləri 100 illərlə mübarizə aparıb. Hər iki yol ilə bağlı işlər davam etdirilir. Artıq Şərq-Qərb yolu işə düşüb, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində də ciddi işlər gedir. Bu istiqamətlər Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü, liderliyi və ən mühümü isə güclü iradəsi hesabına ərsəyə gələn layihələrdir. Azərbaycan bu layihələrə böyük investisiyalar qoyub. Cənab Prezident ciddi siyasi iradə ortaya qoydu. Ən mühüm məqam ondan ibarətdir ki, bu layihələrin ətrafında dünya dövlətlərinin marağını saxlaya bildi. Azərbaycan dövlətinin başçısı, bir az təvazökarlıqdan kənar olsa da, burada siyasi qrossmeyster rolunda çıxış edirdi. Yəni, çox mürəkkəb olan bu nəqliyyat dəhlizlərində siyasi qüvvələrin, dünya dövlətlərinin, dünyanın iqtisadi güclərinin həmin layihələr çərçivəsində Azərbaycanın orbitindən kənarlaşmasına imkan vermədi. Onların hamısının iştirakı ilə həmin nəqliyyat dəhlizlərinin reallaşmasına nail oldu. Cənab Prezident deyir: “Azərbaycan kiçik dövlətdir - əhalisi və ərazisinə görə”. Amma bu kiçik olmağı necə üstünlüyə çevirmək olar? Cənab Prezidentin iqtisadi və siyasi strategiyası buna yönəlirdi. Yəni, qonşular böyük dövlətlərdirsə, biz kiçik dövlətiksə, bu, özü bir üstünlükdür. Cənab Prezident həmin üstünlükdən faydalandı. Təkcə İranın, Rusiyanın və Türkiyənin bazarları 300 milyon insanı əhatə edir. Cənab Prezident bu dövlətləri Azərbaycana gətirdi və bu dövlətlərlə elə bir mehriban siyasi-iqtisadi qonşuluq əlaqələri qura bildi ki, bu gün bizim ixracatımızın əsas hissəsi bu dövlətlərin payına düşür.

-Yəni, öz milli maraqlarımızı üstün tutmaq şərti ilə qonşuların da maraqlarını nəzərə almaq prinsipi.

-Cənab Prezident çıxışında bildirdi ki, qonşularla mehriban münasibət dövlətin öz maraqlarını qorumaq yolunda ən mühüm amillərdən biridir.

-Burada, eyni zamanda, quru yolların, yəni, avtomobil yollarının inkişafını da demək olar. Məsələn, vurğulamaq olar ki, ölkəmizdə 15 il ərzində 13 min kilometrə yaxın avtomobil yolu çəkilib.

-Artıq 15 min kilometr avtomobil yolu. Bunlar sadəcə rəqəm kimi həqiqəti təsəvvür etməyə imkan vermir.

-İlə təqribən 1000 kilometr yol düşür.

-Bizim bu gün elə kəndlərimiz, elə bölgələrimiz var ki, uzun illər yol olmayıb. Bu gün ucqar dağ kəndlərinə avtomobil yolları çəkilir. Sadəcə yollar yox, yüksək keyfiyyətli yollar. Bu ilin investisiya büdcəsində cənab Prezidentin elan etdiyi kimi, sosial, infrastruktur layihələrin həyata keçirilməsinə kifayət qədər böyük vəsait ayrılır. Cənab Prezident Davosda “İBM” və “CİSCO” şirkətləri ilə görüşündə vurğulayanda ki, Azərbaycan əhalisinin 70-75 faizinin internetə sərbəst çıxışı var, eyni zamanda, genişzolaqlı internet şəbəkəsinin artıq bütün kəndlərə çatdırılması təmin olunur, çatdırılmayanlar da təmin olunacaq, dövlətin bu barədə siyasi iradəsi və resursları var, həmin şirkətlər həqiqi mənada çox xoş bir təəccüb yaşayırdılar. Onlardan biri Hindistanda həyata keçirdikləri layihələrdən danışırdı və göstərirdi ki, Azərbaycan həmin ölkələrlə müqayisədə həqiqi mənada texnologiyaların, xüsusilə internet texnologiyalarının tətbiqində hansı uğurlu layihələr reallaşdırıb. Su təchizatı məsələsini götürsək, qeyd etmək lazımdır ki, uzun illər Azərbaycanın kəndləri, bölgələri su təchizatından əziyyət çəkib. Azərbaycan olduqca böyük investisiyalar yatırmaqla həmin su problemlərinin həlli üçün çox əhəmiyyətli addımlar atıb.

-Eyni zamanda, qazlaşdırma sahəsində.

-Bu ilə qədər Azərbaycan ərazisinin, yaşayış mərkəzlərinin, kəndlərinin 90 faizdən çoxu artıq qazlaşdırılıb. Cənab Prezident qarşıya qəti vəzifə qoyub və buna uyğun da vəsait ayrılıb ki, bu il Azərbaycanın bütün bölgələrinin qazlaşdırılması prosesi başa çatsın.

-Nəzərə alsaq ki, hələ dağlıq ərazilərdən söhbət gedir və orada qazlaşdırma prosesi özü bir qədər çətindir. Amma bu gün qazlaşdırma səviyyəsinin 93 faiz olması və 95 faiz hədəf qoyulması çox böyük bir iradə tələb edir.

-Burada maraqlı məqam nədən ibarətdir? Bu layihələr Davos görüşlərində müzakirə olunandan sonra görüşdən çıxan həmin şirkətlərin və dövlətlərin nümayəndələrində ən çox təəccüb yaradan məsələ bundan ibarət idi ki, cənab Prezident Azərbaycanda həyata keçirilən bütün layihələri – dəyərindən, iştirakından, yerindən, ərazisindən, əhatə dairəsindən tutmuş o qədər dəqiqliklə bilir ki, həmin şirkətlərin nümayəndələrinin sözlərinə görə, hətta onların icraçı menecerləri belə bu qədər məlumatlı deyil. Azərbaycan Prezidenti az qala hər kənddə hər bir layihənin hansı həcmdə və neçə insanı əhatə edəcək şəkildə həyata keçirilməsi barədə dəqiq məlumatlara malikdir. Təbii ki, Prezidentin bu qədər işin içində olması, bu qədər məlumatlı olması onlarda xoş bir təəccüb yaradır. Bu, ona görə belədir ki, cənab Prezident həm bu layihələrin təşəbbüskarıdır, həm də layihələrin icrasına özü şəxsən yerində nəzarət edir. Cənab Prezident 10 il ərzində ölkənin şəhər və rayonlarına 300-ə yaxın səfər edib, hər kənddə, hər rayonda bu layihələrin icrasının bilavasitə iştirakçısı olub. Dövlət institutlarının fəaliyyəti dünya iqtisadiyyatında qiymət verilən əsas indikatorlardan biridir. Dövlət institutlarının səmərəli inkişafına görə də Azərbaycan ilk 30 ölkənin siyahısına daxil olmaqla, lider ölkələr səviyyəsindədir. İnstitutların səmərəliliyinin artırılmasında cənab Prezidentin bilavasitə gərgin əməyi, özünün bilavasitə nəzarəti və qəbul etdiyi qərarlar həlledici rol oynayır.

-Natiq müəllim, maraqlı və əhatəli söhbətə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO

® “Coca-Cola” “2030 Su Təhlükəsizlik Strategiyası”nı təqdim edib

NATO-nun Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb

Samuxda 2000 ağac və 1000 ədəd gül kolu əkilib

Azərbaycanın hər bir çağırışı uğurlu gələcəyə böyük stimuldur - ŞƏRH