MƏDƏNİYYƏT
Natiq Rəsulzadə: Bədii ədəbiyyat insanın qəlbinə və şüuruna gedən birbaşa yoldur












Bakıdakı Rus Kitabı Evində Xalq yazıçısının kitablarının təqdimatı keçirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Bakıdakı Rus Kitabı Evində məşhur qələm ustası, Xalq yazıçısı, dramaturq, "Şöhrət" ordeni kavaleri Natiq Rəsulzadənin oxucularla görüşü keçirilib. Görüşdə müəllifin həm yeni, həm də əvvəllər nəşr olunmuş əsərlərindən ibarət "Seçilmiş" və "Qapının arxasında dayanan" adlı iki hekayə və povestlər toplusunun təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, görüşün əvvəlində Natiq Rəsulzadə iştirakçılara müraciət edərək, ədəbiyyatın gənc nəslin dünyagörüşünün genişləndirilməsində, düzgün düşüncənin formalaşmasında mühüm rol oynadığını söyləyib. Yazıçı ölkələrin gələcəyinin kitablardan və mütaliədən asılı olduğunu qeyd edib: “Bu yaxınlarda Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etdim. Müxtəlif nəsillərin nümayəndələrinin təqdim olunan ədəbiyyata necə böyük maraq göstərdiklərini, eyni anda bir neçə kitab aldıqlarını görmək xoş oldu. Gənclər çox oxumalıdır, bədii ədəbiyyat insanın qəlbinə və şüuruna gedən birbaşa yoldur".
Yazıçı kitablara daxil olan əsərlərin ortaq bir fikirlə - əxlaqi və mənəvi dəyərlərin əhəmiyyəti və sarsılmazlığı ilə əlaqəli olduğunu diqqətə çatdırıb. Hekayələrdə Xeyir və Şərin, bir anlığın və əbədi olanın, doğru olanla xeyirli olanın, əxlaqi və əxlaqsız əməllər arasındakı seçimlə bağlı əbədi problemlər qaldırılır.
Sonra çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov görkəmli yazıçı Natiq Rəsulzadənin yaradıcılığının Azərbaycandan kənarda çox populyar olduğunu, onun əsərlərinin dünyanın hər yerində oxunduğunu deyib, xüsusən rusdilli auditoriyanın onu orijinal üslubu və hecasına görə sevdiyini qeyd edib. Səfir Natiq Rəsulzadə kimi şəxsiyyətlərin töhfəsi sayəsində Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin genişləndiyini vurğulayıb. M.Boçarnikov müəllifə daha böyük uğurlar və tükənməz ilham hissi arzulayıb.
Xalq yazıçısı Çingiz Abdullayev hələ tələbə ikən Natiq Rəsulzadənin yaradıcılığına aşiq olduğunu, onun "Gecədə atlı" əsərinin o dövrün ədəbi aləmində sensasiya doğurduğunu söyləyib. “Yazıçı vicdana, yaxşılığa doğru çağırmalı, insanları düzgün hərəkətlərə təşviq etməlidir. Natiq Rəsulzadənin əsərlərində əxlaq və mənəviyyat hər zaman tərənnüm edilir. Onun bir çox hekayələri mənə çox təsir edib. Müəllifin yaradıcılığı ədəbiyyatımızda xüsusi yer tutur. Onunla uzun illər dost olduğumla fəxr edirəm. Natiq Rəsulzadə rus dilinin böyük ustasıdır, əsərləri insana zövq verir. Gənclərin onun hər zaman aktual olan yaradıcılığına necə böyük maraq göstərdiyini görmək çox xoşdur", - deyə Ç.Abdullayev bildirib.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Natiq Rəsulzadənin yaradıcılığının böyük pərəstişkarı olduğunu və müəlliflə görüşməyinə çox şad olduğunu gizlətməyib: “Biz Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsi və gücləndirilməsi üçün əlimizdən gələni edirik. Bu işdə iki ölkənin mədəniyyət və incəsənət xadimləri çox böyük töhfə verirlər. Bugünkü görüşün təşkilinə görə Rus Kitabı Evinin rəhbərliyinə də təşəkkür etmək istərdim, bu cür tədbirlər Rusiya və Azərbaycan xalqlarının yaxınlaşmasında böyük rol oynayır”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov Natiq Rəsulzadəyə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə minnətdarlığını bildirib. O, incə söz ustadının onu digər yazıçılardan fərqləndirən bənzərsiz üslub yaratdığını, müəllifin məhz xüsusi üslubu sayəsində oxucuların sevgisini qazandığını qeyd edib.
Təqdimatda çıxış edən Natiq Rəsulzadənin dostları və həmkarları onun ədəbiyyata verdiyi töhfələrdən danışıb, çoxşaxəli yaradıcılığının müxtəlif tərəflərinə toxunub, ona gələcək uğurlar arzulayıblar.
Sonra N.Rəsulzadənin "Seçilmiş" və "Qapının arxasında dayanan" kitabları iştirakçılara təqdim olunub.