İQTİSADİYYAT
Natiq Şirinov: Bakı-Tbilisi-Qars dəmiryolu marşrutu üzrə ticarət həcmi xeyli artıb

Bakı, 2 iyun, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istismarından sonra Çindən Avropaya, o cümlədən əks istiqamətdə daşınan yüklərin çatdırılma müddəti dəniz daşımalarına nisbətən üç dəfəyədək qısalıb və bunun nəticəsində son illərdə bu marşrut üzrə ticarət həcmi xeyli artıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Natiq Şirinov bildirib. O qeyd edib ki, bu xüsusda ötən ilin avqustun 18-də “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb. Onun sözlərinə görə, Orta Dəhliz üzərindən daşımaların artan dinamikası marşrut üzərində yerləşən ölkələrdə tranzit prosedurlarının sadələşdirilməsini və vahid yanaşma əsasında icra mexanizmlərinin yaradılmasını zəruri edir. Bu səbəbdən Orta Dəhliz marşrutu üzərində yerləşən ölkələrin gömrük orqanlarını rəqəmsal həllərə əsaslanmaqla vahid informasiya məkanında birləşdirən tranzit portalının yaradılması məqsədilə DGK-nin təşəbbüsü ilə cari ilin 14-15 mart tarixlərində Bakı şəhərində Transxəzər beynəlxalq "Şərq-Qərb" Orta Dəhliz boyu nəqliyyat əməliyyatlarının asanlaşdırılması, onun tranzit potensialının artırılması, həmçinin regional və beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiyanın təmin edilməsi üçün Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Türkiyənin gömrük rəhbərlərinin və nümayəndələrinin görüşü təşkil edilib.
Görüşdə, həmçinin İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər nazirliklərinin, beynəlxalq təşkilatların, o cümlədən Asiya İnkişaf Bankı, Ümumdünya Gömrük Təşkilatı, BMT-nin Avropa İqtisadi Komissiyası, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, Dəmir Yolları Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Təşkilatı və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin nümayəndələri iştirak ediblər. Orta Dəhliz üzərindən daşımaların artan dinamikası marşrut üzərində yerləşən ölkələrdə tranzit prosedurlarının sadələşdirilməsini və vahid yanaşma əsasında icra mexanizmlərinin yaradılmasını zəruri edir.