ELM VƏ TƏHSİL


“Nauka 0+” festivalı Rusiya və Azərbaycanın elmi işçilərini birləşdirir

Moskva, 17 oktyabr, AZƏRTAC

Smolensk vilayətində IX Ümumrusiya “Nauka 0+” festivalı keçirilir. Tədbirdə Azərbaycan nümayəndələri də iştirak edirlər.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RADM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Elm hamı üçündür” devizi altında keçirilən “Nauka 0+” festivalın məqsədi gəncləri elmə cəlb etmək, hər bir insanın həyatının keyfiyyətinin artırılması və cəmiyyətin inkişafı naminə çalışan alimlərin işinə diqqəti yönəltməkdir. Festival iştirakçılarını açıq mühazirə və seminarlar, ustad dərsləri və konfranslar, ekskursiya və müsabiqələr gözləyir.

Festivalın bir məqsədi də müxtəlif elmi birliklər arasında qarşılıqlı əlaqələri nizamlamaqdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) nümayəndə heyəti Smolenksə məhz bu məqsədlə gəlib. Bu ali məktəbin elm və tədris məsələləri üzrə prorektoru Təhminə Tağızadə və beynəlxalq şöbənin rəisi Elmira Məmmədova “Nauka 0+” festivalının fəxri qonaqları olublar.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası artıq dördüncü ildir ki, Smolensk Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Akademiyası (SDBTİTA) ilə səmərəli əməkdaşlıq edir. Bu iki ali məktəb arasında əməkdaşlıq haqqında 2016-cı ildə imzalanmış sazişə əsasən ali təhsil sahəsində müştərək innovasiyalı layihələrin, tələbələr, aspirantlar və gənc alimlər üçün birgə beynəlxalq proqramların həyata keçirilməsi nəzərdə tutulur. Birgə tədbirlərin bir qismi, o cümlədən “İdmanla məşğul ol – cavan qal!” layihəsi artıq həyata keçirilib. SDBTİTA-nın prorektoru Yelena Bobkova deyir: “Birgə onlayn aksiya bizim ali məktəblər arasında dostluq münasibətlərinin təzahürü və Rusiya ilə Azərbaycanın gənclərini sağlam həyat tərzi ideyası ilə birləşdirən əla vasitədir”.

“Nauka 0+” festivalının təntənəli açılış mərasimi oktyabrın 14-də Smolensk Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Akademiyasında olub. ADBTİA-nın prorektoru Təhminə Tağızadə açılış mərasimində “İdman təhsilində menecment: müasir çağırışlar, trendlər və islahatlar” mövzusunda mühazirə ilə çıxış edib. Təhminə Tağızadə deyir: “Festivalda hökm sürən səmimilik, qonaqpərvərlik və elmə sevgi ab-havası bizi heyran etdi. Bu, müxtəlif nəsillərin nümayəndələri arasında təcrübə mübadiləsi, yeni tərəfdaşlar tapmaq və gələcək planları bölüşmək üçün çox yaxşı məkandır. Azərbaycan üçün bu, idman, təhsil və elm sahələrində islahatların təcrübəsi barədə danışmaq üçün çox yaxşı fürsət oldu”.

Azərbaycanlı qonaqların səfəri müddətində SDBTİTA-nın rəhbər heyəti ilə görüşlər keçirilib, təhsil sahəsində əməkdaşlığın və birgə elmi araşdırmaların perspektivləri müzakirə edilib.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya bu cür müştərək layihələrin hər iki ölkə üçün vacib olmasını vurğulayır: “Əməkdaşlıq üçün açıq olmağın, kompleks problemlərin həlli üçün intensiv kommunikasiyanın vacibliyini elmi cəmiyyətin nümayəndələri hamıdan yaxşı başa düşürlər. Rusiya və Azərbaycan alimləri elmə dəyərli töhfələr verməklə bərabər qarşılıqlı anlaşmanın, beynəlxalq inteqrasiyanın inkişafına da çox kömək edir. Birgə proqramlarda və “Nauka 0+” festivalı kimi genişmiqyaslı tədbirlərdə iştirak etmək həm Azərbaycan, həm də Rusiya alimləri üçün milli sərhədlərdən kənarda etibarlı və uzunmüddətli tərəfdaşlıq əlaqələri yaratmaq, dost ölkələrimizi daha möhkəm tellərlə bağlamaq imkanıdır”.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev əmindir ki, ölkələrimizin elmi sahədə əməkdaşlığının böyük gələcəyi var. D.Savelyev deyir: “Müştərək təhsil və elm layihələrinin həyata keçirilməsi Rusiya ilə Azərbaycanın əməkdaşlığının ən mühüm istiqamətlərindən biridir. Müasir dövrün qlobal çağırışları fonunda səhiyyə, energetika və təhlükəsizlik məsələləri həmişəkindən daha aktualdır. Elmi əməkdaşlıq bu problemlərin həllinə kömək etməklə bərabər ölkələrimizin ictimaiyyəti arasında münasibətlərin möhkəmlənməsinə şərait yaradır. Rusiya və Azərbaycanın elm və təhsil müəssisələri arasında əməkdaşlıq sazişlərinin sayı ilbəil artır, tələbə və professor-müəllim heyətinin mübadiləsi prosesi daha da intensivləşir. Bu, bir daha sübut edir ki, Rusiya-Azərbaycan əməkdaşlığının səviyyəsi çox yüksəkdir, onun potensialı isə heç də tükənməyib”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.