SİYASƏT
Navarra parlamentinin Dağlıq Qarabağa dair qərəzli qətnaməsinin ləğvi məsələsi müzakirə olunub
Navarra, 12 mart, AZƏRTAC
İspaniyanın Navarra vilayətinin parlamenti tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası” ilə bağlı qəbul edilmiş sənədin ləğvi, həmçinin Azərbaycan ilə Navarra arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanın İspaniyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalovun Navarra vilayəti hökumətinin yeni seçilmiş rəhbəri xanım Miren Uşue Barkos Berruezo ilə görüşündə diplomat 2014-cü ildə erməni tərəfinin təşəbbüsü və təqdim etdiyi yanlış məlumatlar əsasında Navarra parlamenti tərəfindən reallıqları əks etdirməyən sənəd qəbul olunduğunu xatırladıb. Bildirilib ki, Azərbaycanın İspaniyadakı səfirliyi artıq neçə müddətdir həmin sənədin ləğvinə çalışır. Bununla əlaqədar diplomat Navarra hökumətinin başçısından dəstək verilməsini xahiş edib.
H.Zeynalov xanım Berruezoya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən nota da təqdim edib.
Navarra hökumətinin başçısı qeyd edib ki, o, əvvəl İspaniya parlamentinin deputatı olub. Azərbaycan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də bölgə barədə yaxşı məlumatlıdır. Bu münaqişə sülh yolu ilə, Azərbaycanın haqlı mövqeyinə uyğun olaraq həll edilməlidir. 2014-cü ildə sözügedən sənəd də Navarranın əvvəlki rəhbərliyinin və parlamentinin məlumatsızlığı səbəbindən qəbul edilib. Heç bir məntiqə sığmayan bu sənədə yenidən baxılmalıdır. Hökumət rəhbəri səfirlik tərəfindən təqdim olunmuş geniş məlumatla yanaşı, öz tərəfindən vilayətin parlamentinə İspaniyanın bu münaqişəyə dair rəsmi mövqeyini əks etdirən məktub göndərəcəyini vurğulayıb.
Daha sonra Azərbaycan və Navarra arasında iqtisadi əlaqələrin perspektivləri, investisiyaların cəlb edilməsi məsələsi müzakirə olunub.
Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunmuş görüşdə Assosiasiyanın rəhbəri Fərid Mustafayev də iştirak edib. O, Azərbaycanı və Navarranı maraqlandıran real investisiya qoyuluşları barədə fikirlər bildirib, bununla bağlı perspektivlərdən danışıb.
Xatırladaq ki, 2014-cü ildə Navarra parlamenti tərəfindən qəbul olunmuş sənəddə qondarma “Dağlıq Qarabağ respublikası”nın “dövlət nümayəndələri”nin danışıqlarda üçüncü tərəf kimi iştirak etməsi, Avropa İttifaqının və ATƏT-in Minsk qrupunun sənədlərində Dağlıq Qarabağın zərərçəkmiş tərəf kimi göstərilməsi və münaqişənin erməni tərəfinin xeyrinə həlli barədə müddəalar yer alıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Navarra