REGİONLAR


Naxçıvan Atçılıq və İstirahət Mərkəzində qonaqlara nümunəvi xidmət göstərilir

Naxçıvan, 4 iyul, AZƏRTAC

İsti yay günlərində hər birimiz ailəvi şəkildə istirahət etmək, bu məqsədlə xidmət çeşidliliyi və münasib qiymətləri ilə seçilən məkanlara üz tutmaq istəyirik. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər nəticəsində bu gün qədim diyarımızda belə üstünlükləri ilə seçilən bir çox istirahət guşələri yaradılıb. Onlardan biri də Babək rayonunun Badaşqan kəndində yerləşən Naxçıvan Atçılıq və İstirahət Mərkəzidir.

Mərkəz özünəməxsus görünüşü ilə ilk baxışdan diqqəti cəlb edir. Ərazisi 3 hektara yaxındır və burada 20 nəfər işlə təmin olunub. Rəngarəng yaşıllıq guşələri, oturacaqlar, kupelərin müasir arxitektura ilə salınması istirahət üçün buraya üz tutanlarda xoş əhval-ruhiyyə yaradır.

Göstərilən xidmətlərə gəldikdə isə bu məkanda istirahət edənlərə nümunəvi ictimai iaşə xidməti göstərilir. Belə ki, müştərilər milli mətbəximizin ləziz təamlarından dada, soyuq və isti içkilərdən istifadə edə bilərlər.

Həmçinin istirahət mərkəzinə gələn qonaqlar üçün tirdə atış, heyvanlar aləminə səyahət, faytonda gəzmək imkanları da yaradılıb. Burada uşaqların əyləncəsi üçün də hərtərəfli şərait mövcuddur. “Qarabağ”, “Ərəb”, “Midilli”, “Poni” və başqa at növlərinin olduğu atçılıq klubunda isə qonaqlar at minməzdən öncə təlimat alırlar. Mütəxəssislərin fikrincə, bir çox xəstəliklərin müalicəsində at minmək faydalıdır. Ona görə də buraya gələnlər bu imkandan istifadə edirlər.

Qeyd edək ki, mövsümlə əlaqədar olaraq mərkəzə gələn müştərilərin sayında hər keçən gün artım müşahidə olunur. Xüsusən axşam saatlarında Naxçıvan şəhərindən, rayonlardan gələnlər bu məkanda ailəvi şəkildə istirahət edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.