REGİONLAR
Naxçıvan Atletika Federasiyasının idmançısı ölkə çempionu olub
Naxçıvan, 5 iyun, AZƏRTAC
Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev atletika üzrə Azərbaycan çempionatının qalibi olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, çempionat Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda reallaşıb. Yarışda 90 idmançı medallar uğrunda mübarizə aparıb.
Naxçıvan Atletika Federasiyasının idmançısı 3000 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb. Məsafəni 9 dəqiqə 32,92 saniyə ərzində qət edən Əmrah Nağıyev bu göstərici ilə Azərbaycan çempionu adına layiq görülüb. İlk üçlükdə qərarlaşan idmançılara diplom və medallar təqdim edilib.
Qeyd edək ki, ölkə və beynəlxalq miqyaslı marafon qaçışı turnirlərində uğurlu nəticələrə nail olan Əmrah Nağıyev kross qaçışı (6000 metr) üzrə Azərbaycan çempionatının da qalibi olub.