REGİONLAR
Naxçıvan Beynəlxalq Hava Limanı: qarlı-şaxtalı günlərdə də nümunəvi xidmət göstərilir
Naxçıvan, 15 dekabr, AZƏRTAC
Naxçıvanda qış mövsümünə hazırlıq işləri istiqamətində görülən işlərin nəticəsi olaraq qarlı-şaxtalı günlərdə də bütün sahələr üzrə nəqliyyatın hərəkətinin intensivliyi tam təmin olunub. Muxtar respublikada hava nəqliyyatında da xidmətin düzgün təşkili, sərnişinlərin rahatlığı və təhlükəsizliyi diqqət mərkəzində saxlanılır.
Ötən ay Naxçıvan Beynəlxalq Hava Limanında qış mövsümünə lazımi hazırlıq işləri görüldüyündən, qarlı hava şəraiti limanın fəaliyyətinə heç bir təsir göstərmir. Mövsümöncəsi teleskopik traplara, nəzarət müşahidə kameralarına və kompüterlərə texniki baxış keçirilib, nasazlıqlar vaxtında aradan qaldırılıb. Hava gəmilərinə uçuşdan sonra və uçuşqabağı texniki baxış keçirilib. Həmçinin aerodrom ərazisindəki elektrik, işıqlandırma, rabitə, istilik və havalandırma sistemlərinə texniki qulluq göstərilib, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılıb, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilib. Bundan başqa, istismarda olan bütün növ xidməti avtomobillər qış mövsümünə tam hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, ötən ay yerli hava xətti ilə 16 min 830 sərnişin, 362 min 173 kiloqram baqaj, 73 min 72 kiloqram yük və 4 min 509 kiloqram poçt, beynəlxalq hava xətti ilə isə Naxçıvan-Moskva istiqamətində 177 sərnişin, 3661 kiloqram baqaj, Naxçıvan-İstanbul reys ilə 257 sərnişin və 3227 kiloqram baqaj daşınıb.