SİYASƏT


Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağı tikilir

Naxçıvan, 2 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası artan yük və sərnişin tələbatının ödənilməsinə, eləcə də muxtar respublikada mülki aviasiya sahəsində işlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağında görülən işlərlə maraqlanıblar.

Məlumat verilib ki, uçuş-enmə zolağının uzunluğu 3300, eni isə 60 metrdir. Ümumi sahəsi 250 min kvadratmetr olan zolaqda əsas tikinti işləri başa çatdırılıb, uçuş və enmə zonasında maneələr aradan qaldırılıb. Zolağın alt qatı mərhələli şəkildə bərkidilib, mühəndis-kommunikasiya xətləri, eləcə də yağış və qrunt sularının axıdılması üçün drenaj və kollektorlar çəkilib, asfalt örtük salınıb. Tikinti işləri iqlim şəraiti və beynəlxalq tələblər nəzərə alınmaqla aparılır, keyfiyyətli tikinti materiallarından istifadə olunur.

Uçuş-enmə zolağının naviqasiya və işıqlandırma sistemləri də tam müasir tələblər səviyyəsində olacaqdır. Gecə uçuşlarının həyata keçirilməsi üçün uçuş zolağı hər iki istiqamətdə işıq-siqnal avadanlıqları ilə təmin olunacaqdır. Tikinti işləri aparılarkən ərazidə peyk siqnallarını tənzimləyən yerüstü naviqasiya sistemləri, çətin hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu və uçuşu üçün avtomatlaşdırılmış metroloji radiolokator quraşdırılıb, radiorabitə vasitələri yenilənib. Bu da yerli və beynəlxalq dəhlizlər üzrə hava şəraiti haqqında məlumatların operativ və dəqiq ötürülməsinə imkan verəcəkdir. Uçuş-enmə zolağında enişə yaxınlaşma sistemlərinin quraşdırılması hesabına dumanlı hava şəraitində qərarın qəbul edilməsi hündürlüyü 30 metrdən 400 metrədək olacaqdır. Yaradılan şərait hava limanının tam fasiləsiz fəaliyyət göstərməsinə, ən əsası isə geniştutumlu istənilən hava gəmilərinin qəbuluna imkan verəcəkdir.

Ali Məclisin Sədri uçuş-enmə zolağının inşasında əməyi olanlara təşəkkürünü bildirib, keyfiyyətin bundan sonra da diqqətdə saxlanılması barədə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.