REGİONLAR


Naxçıvan Beynəlxalq Hava Limanında elm və texnikanın ən son nailiyyətləri tətbiq edilib

Naxçıvan, 27 iyul, AZƏRTAC

Bu ilin birinci yarısında Naxçıvan Beynəlxalq Hava Limanında bir sıra layihələr reallaşdırılıb. Bu layihələr hava nəqliyyatı sektorunun bütün sahələrini əhatə edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvan Beynəlxalq Hava Limanında bu ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli deyib.

Mənşur Gülməmmədli bildirib ki, bu dövrdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Mülki Nəqliyyat Assosiasiyasının tələbləri çərçivəsində elm və texnikanın ən son nailiyyətləri hava limanında tətbiq edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində hava limanı üçün zəruri olan maşın-mexanizmlər, texniki vasitələr, materiallar alınıb gətirilib, limanda normal iş prosesi təmin olunub. İlin birinci yarısında kadr hazırlığı məsələsi də diqqətdə saxlanılıb, əməkdaşlar Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində təşkil olunan kurslarda iştirak ediblər.

Qeyd olunub ki, hava gəmilərinə qulluq, sərnişin və yükün daşınmasında xidmətin yüksək səviyyədə təşkil edilməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, ayrı-ayrı xidmət sahələrinin zəruri texniki vasitələrlə təmin edilməsi ilin ilk yarısında qarşıya qoyulan ən başlıca vəzifələrdən olub. Aviasiya Təhlükəsizlik Xidmətinin maddi-texniki bazası möhkəmləndirilib, aerovağzal kompleksində əl yükləri və baqajın yoxlanılması prosesi beynəlxalq norma və qaydalara uyğun təşkil edilib. Bundan başqa, mühafizə postlarında şəxsi heyətin ayıq-sayıqlığının artırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilib. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava limanında təyyarə dayanacaqlarının örtüyünün xüsusi asfalt qatı ilə üzlənməsi prosesi artıq başa çatdırılıb. Hazırda aerovağzalətrafı yolların təmiri işləri aparılır.

Vurğulanıb ki, bəhs edilən dövrdə yüklərin təhlükəsiz, standartlara uyğun və tövsiyə olunan tələblər səviyyəsində daşınmasını təmin etmək məqsədilə yük terminalında yenidənqurma işləri başa çatdırılıb. Şəxsi heyətin iş fəaliyyətinin tənzimlənməsi üçün bütün iş otaqları təmir olunub, terminal lazımi avadanlıqlarla təchiz edilib.

Məruzə ətrafında Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi Elnar Əliyevin, Daşımaların Təşkili və Koordinasiyası Xidmətinin rəisi Amid Zülfüqarovun, Uçuşların Elektrik-İşıq Texniki Təminat Xidmətinin rəisi Sevindik Novruzovun, Aerodrom Təminatı Sahəsinin rəisi İlkin Nəsirovun çıxışları olub.

İclasın sonunda Hava Limanının direktoru Mənşur Gülməmmədli qarşıda duran vəzifələrin qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.