REGİONLAR
Naxçıvan Beynəlxalq Hava Limanında payız-qış mövsümünə hazırlıq yüksək səviyyədədir
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
Naxçıvan Beynəlxalq Hava Limanında payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər daim diqqət mərkəzində saxlanılır.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında mövsümlə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində, xüsusilə qış fəslində uçuş-enmə zolağının və perronun qardan, buzdan təmizlənməsi üçün istifadə olunacaq avtomobillər hazır vəziyyətə gətirilib. ABŞ istehsalı olan “Qlobal” markalı avtomaşından buzlaşma zamanı təyyarələrin hava limanında qəbul olunması üçün istifadə edilir. Qarı təmizləmək üçün “MAN” və “Volvo” markalı maşınlar, habelə “SUPRA” qartəmizləyən və buzəridən qurğular, digər qarkürəyən texniki vasitələr ən soyuq və qarlı hava şəraitində belə hava limanında xidmətin yüksək səviyyədə həyata keçirilməsinə şərait yaradır.
Bundan əlavə, işıq-siqnal sisteminin yararlılığının və qazanxana bölümündə istilik qazanlarının yoxlanması işləri başa çatdırılıb. Hava limanının maddi-texniki bazası möhkəmləndirilib. Bütün güc kabellərinin izolyasiyasına, dizel generatorlarına, transformatorlara, elektrik verilişi xətlərinə baxış keçirilib. Sərnişinlərin qış aylarında rahatlığının təmin olunması məqsədilə aerovağzal kompleksində profilaktik tədbirlər görülüb. Yaradılan şərait və mövsümlə əlaqədar davam etdirilən tədbirlər payız-qış mövsümündə sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcək.