REGİONLAR
Naxçıvan Bölməsində Gənc Alim və Mütəxəssislər Şurasının gələcək fəaliyyəti təhlil olunub
Naxçıvan, 29 yanvar, AZƏRTAC
AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin yeni tərkibdə təsdiq edilən Gənc Alim və Mütəxəssislər Şurasının iclası olub.
Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iclasda qarşıya qoyulan məqsəd və vəzifələrin icrası, gənc tədqiqatçıların səmərəli fəaliyyətinin təşkili üçün görülməsi nəzərdə tutulan işlər müzakirə edilib.
2022-ci ildə yerinə yetirilməsi nəzərdə tutulan işlərlə bağlı tədbirlər planının hazırlandığını bildirən şuranın sədri, Batabat Astrofizika Rəsədxanasının Səma cisimlərinin mövqe müşahidələri şöbəsinin elmi işçisi Ruslan Məmmədov qeyd edib ki, il ərzində gənc alim və mütəxəssislərin iştirakı ilə beynəlxalq, respublika və bölmə əhəmiyyətli elmi tədbirlərin, maarifləndirici seminarların, anım, yubiley və mükafatlandırma tədbirlərinin keçirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, elmi əsərlərin nəşri, eləcə də bölmədə qazanılan elmi nailiyyətlərin təbliği ilə əlaqədar müxtəlif tədbir və fəaliyyət növlərinin təşkili planlaşdırılır. Bu işlərdə şurada təmsil olunan 41 üzvün aktiv iştirakı nəzərdə tutulub. Daha sonra İdarə Heyəti üzvlərinin irəli sürdükləri bəzi təkliflər dəyərləndirilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Şuranın fəaliyyət planı ilə tanış olub, planın uğurlu icrası üçün tapşırıq və tövsiyələrini verib. Bölmə rəhbəri bildirib ki, Gənc Alim və Mütəxəssislər Şurası öz fəaliyyəti ilə elmi tədqiqat aparan hər bir gəncin elmi və ictimai fəallığının artırılmasında, lazımi bacarıqlara yiyələnməsində böyük rol oynayır.