REGİONLAR
Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub
Naxçıvan, 27 noyabr, AZƏRTAC
AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan elminin ölkədə və dünyada təbliği istiqamətində görülən işlərdən söz açaraq nailiyyətlərin təbliği istiqamətində işıq üzü görən jurnalların rolunu xüsusi vurğulayıb. Bölmənin nəşrləri olan “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının çapından bəhs edən akademik məqalələrin keyfiyyətinin artırılmasına dair həyata keçirilən tədbirlərdən danışıb. O, jurnallara təqdim olunan məqalələrin elmi-tədqiqat müəssisələrinin şuralarında mütəmadi müzakirələrinin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “İkinci Qarabağ müharibəsinin başlanması, mövcud vəziyyət və təhlillər” mövzusunda elmi məruzəsi dinlənilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbənin Ermənistanı danışıqlar masası arxasında oturmağa məcbur etdiyini deyən alim vurğulayıb ki, Azərbaycan 30 il düşmən tapdağında qalan torpaqlarımızı öz dəmir yumruğu sayəsində işğaldan azad etdi. O deyib: “Bu, Azərbaycanın tarixi qələbəsidir. Ən mühüm amillərdən biri isə həmin proses çərçivəsində Naxçıvanın da blokadadan qurtarılmasıdır”.
Emin Şıxəliyev bildirib ki, Bəyanatın 9-cu maddəsinə əsasən, ölkəmizin digər bölgələri ilə nəqliyyat əlaqələri bərpa ediləcək. Bu dəhliz, həmçinin türk dünyasını quru yolu ilə bir-birinə bağlayacaq. Mahiyyət etibarilə, “Türk qapısı” adlandırılan Naxçıvan öz tarixi missiyasını layiqincə yerinə yetirəcək. Bütün bunlar Prezident, Müzəffər Ali Baş Komandanın qəti siyasi iradəsinin təzahürüdür.
İclasda Naxçıvan Bölməsində elmi istehsalatın mövcud vəziyyəti və perspektivləri ilə bağlı bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev və Bioresurslar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru İsmayıl Məmmədov çıxış ediblər. Aparılan tədqiqatlardan, əldə edilən nəticələrdən danışan AMEA-nın müxbir üzvü Tofiq Əliyev Naxçıvan Muxtar Respublikası ərazisində böyük gil yataqlarının faydalı qazıntı kimi əhəmiyyətli olduğunu deyib. Alim cari ildə muxtar respublikanın ərazisindəki gil yataqlarından nümunələr götürüldüyünü, mineral tərkiblərinin öyrənildiyini, alınmış nəticələrin ətraflı təhlil edildiyini və gillərin tədqiqi ilə bağlı işlərin davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.
Biologiya elmləri doktoru İsmayıl Məmmədov isə çıxışında Bioresurslar İnstitutunda cari ildə gülab istehsal edildiyini, 9 adda dərman bitkisindən yağ və ekstraktlar alındığını diqqətə çatdırıb. Alim elmi tədqiqat işləri nəticəsində yeni üzüm, noxud və arpa sortlarının dövlət reyestrində qeydiyyatdan keçdiyini və bu günlərdə 3 üzüm, 2 buğda və bir arpa sortunun sınağa təqdim ediləcəyini söyləyib.
Çıxışlar dinlənildikdən sonra Rəyasət Heyətində aparılan elmi tədqiqat işləri müzakirə olunub. Tətbiqyönümlü tədqiqatlar üçün müvafiq tapşırıqlar verilib.
Tədbirdə bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin mütəxəssisi Səkinə Cümşüdova yeni yaradılan ameanb.com saytı haqqında ümumi məlumat verib. Qeyd olunub ki, Azərbaycan, ingilis və rus dillərində hazırlanan saytın üzərində işlər davam etdirilir.
Akademik İsmayıl Hacıyev yaradılan saytın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib.
Daha sonra Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirovanın Yaponiyanın Sapporo şəhərində yerləşən Hokkaido Universitetinə 3 illik ezam olunması barədə məlumat verilib.
Sonda cari məsələlər müzakirə edilib.