REGİONLAR


“Naxçıvan Dəmir Yolları” MMC-nin Culfa Yük və Sərnişin Daşımaları İdarəsində quruculuq işləri aparılır

Culfa, 9 oktyabr, AZƏRTAC

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Culfa Yük və Sərnişin Daşımaları İdarəsində abadlıq və quruculuq işləri yerinə yetirilir. Hazırda Yük və Sərnişindaşıma İdarəsində yeni vaqon təmir sexi inşa olunur.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, cəmiyyətin nasaz vaqonları artıq başqa ölkələrə göndərilməyəcək, bu binada təmir olunacaq.

Rayondakı vaqon təmiri sexinin inzibati binası da əsaslı şəkildə yenidən qurulur. İş icraçısı Aydın Mərdanovdan aldığımız məlumata görə, lokomotiv depo üçün hər birinin uzunluğu 66 metr olan iki dəmir yolu xətti yenilənib. Hazırda konstruksiyaların boyanması işi davam etdirilir, döşəməyə beton vurulur. Vaqonların təmiri üçün qaldırıcı kranlar quraşdırılıb, elektrik xətləri yenilənib, sexin işıqlandırılması işləri başa çatdırılıb. Burada sahə rəisinin otağı, mexaniklər və çilingərlər üçün iş otaqları, eyni zamanda, istirahət otaqları yerləşəcək. Hazırda obyektin ikinci mərtəbəsinə panellər döşənir. Birinci və ikinci mərtəbələrdə arakəsmələr hörülüb, çöl fasadın suvanması və dam örtüyünün vurulması işi aparılır. İnşaat işlərində, əsasən, yerli tikinti materiallarından istifadə edilir.

Tezliklə hər iki obyektin istifadəyə verilməsi burada çalışan işçilərin rahatlığına xidmət etməklə bərabər, həm də Culfa şəhərinə gözəllik verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.