Naxçıvan Diaqnostika Müalicə Mərkəzində növbəti humanitar tibbi aksiyaya başlanılıb
AzerTAg.az
Naxçıvan, 9 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Naxçıvan Diaqnostika Müalicə Mərkəzində növbəti humanitar tibbi aksiyaya start verib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, xəstəxananın direktoru Azər İsmayılovun rəhbərliyi ilə 23 nəfərdən ibarət yüksəkixtisaslı həkim heyətində pediatr, nevropatoloq, otolarinqoloq, uroloq, ümumi cərrah, ginekoloq və digər yüksəkixtisaslı həkimlər təmsil olunurlar. Onlar şəhid ailələri, qazilər, qazi ailələri və aztəminatlı ailələr, eləcə də müraciət edən hər bir vətəndaşın müayinə və müalicələrini ödənişsiz təşkil edir və müvafiq tibbi təyinatlar verirlər.
Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Aksiya çərçivəsində Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin tibbi heyəti Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstərirlər.
Aksiyanın təkcə ilk günündə 152 müayinə və 8 müxtəlif cərrahi əməliyyat aparılıb. Əməliyyat olunanlar həkim nəzarəti altındadır.
Humanitar tibbi aksiya mayın 11-dək davam edəcək.





Xəbərin mətnində orfoqrafik səhv var