REGİONLAR
Naxçıvan Dövlət Film Fondu açıq havada kino nümayişlərini davam etdirir
Naxçıvan, 16 iyul, AZƏRTAC
Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada “Bir cənub şəhərində” bədii filminin nümayişini təşkil edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, film çox da böyük olmayan cənub şəhərlərindən birinin insanları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilib. Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.
Filmin çəkilişləri Təzəpir məscidinin ətrafında yerləşən məhəllələrdən birində aparılıb. Filmin uğurlu alınmasının bir səbəbi də yaradıcı heyətdə yeni düşüncəli, azad gəncliyin toplanması olub. Film 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilib.