REGİONLAR


Naxçıvan Dövlət Film Fondundakı muzeyə yeni eksponatlar təqdim edilib

Naxçıvan, 7 fevral, AZƏRTAC

Naxçıvan Dövlət Film Fondundakı muzeyə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, uzun illər Naxçıvan televiziyasının kinooperatoru işləmiş Ənvər Rəhimov tərəfindən 25 ədəd müxtəlif kino avadanlığı təqdim olunub. 1963-1985-ci illərdə istehsal edilmiş kinokamera, videokamera, səsyazma aparatı, obyektiv, eksponometr, videokaset və digər avadanlıqlar vaxtilə Naxçıvan televiziyasında müxtəlif film və başqa çəkilişlərdə istifadə edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərildiyini bildirib. Nazir qeyd edib ki, muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi də bu qayğının daha bir nümunəsidir. Fondun ən maraqlı guşələrindən biri də burada yaradılmış kiçik kino muzeyidir. Bu gün Naxçıvan televiziyasının veteran operatorlarından biri olan Ənvər Rəhimov tərəfindən hədiyyə edilən kino avadanlıqları Naxçıvan Dövlət Film Fondunun muzeyində televiziya və kino sənəti tariximizi yaşadan qiymətli eksponat kimi yer alacaqdır.

Nazir Naxçıvan Dövlət Film Fonduna hədiyyə etdiyi eksponatlara görə Ənvər Rəhimova minnətdarlığını bildirib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Əliyev, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Rövşən Hüseynov və başqaları çıxış ediblər.

Sonra Ənvər Rəhimov çıxış edərək deyib ki, bu kino və video avadanlıqlarını Fondun muzeyinə təhvil verməkdə məqsədi gənc nəslə televiziya sahəsindəki inkişafı müqayisəli şəkildə çatdırmaqdır.

Tədbirin sonunda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova diyarımızda mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.