REGİONLAR
Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor Şirzad Abutalıbovun yubileyi qeyd edilib
Naxçıvan, 9 iyul, AZƏRTAC
Şirzad Abutalıbov Naxçıvan teatrının səhnəsində 100-dək müxtəlif xarakterli, fərqli obraz və personajlar yaradıb. Aktyor həm komik, həm də ciddi obrazların mahir ifaçısıdır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbovun 60 illik yubileyi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova deyib. Nazir bildirib ki, sənətkarın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb, 2005 və 2008-ci illərdə Prezident mükafatçısı olub. 2016-cı ildən Şirzad Abutalıbov Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsində çalışır. Bu teatrın səhnəsində onun hazırladığı tamaşalar uşaq və məktəblilər tərəfindən maraqla qarşılanır.
Natəvan Qədimova deyib: Muxtar respublikada tanınmış sənət adamlarına yüksək diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sənət adamlarına, aktyorlara, rəssamlara, musiqiçilərə göstərdiyi diqqət və qayğı bunun bariz nümunəsidir. Ali Məclis Sədrinin göstərişinə əsasən, bir çox sənət adamlarının yubileyləri yüksək səviyyədə qeyd edilib. Şirzad Abutalıbovun 60 illik yubileyinin keçirilməsi də bu ənənələrin davamıdır.
Mədəniyyət naziri çıxışının sonunda yubilyarı təbrik edib, ona teatr sənətimizin inkişafında və bundan sonrakı yaradıcılıq yolunda uğurlar arzulayıb.
Tədbirdə Xalq artistinin sənət dostları – Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Xalq artisti Həsən Ağasoy və digərləri çıxış edərək yubilyara ürək sözlərini bildiriblər.
Sonda Xalq artisti Şirzad Abutalıbov çıxış edərək yaradıcılığına yüksək qiymət verildiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını ifadə edib, səhnə sənətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını deyib.