REGİONLAR
Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına proqnozdan 18 milyon manat çox vəsait daxil olub
Naxçıvan, 21 yanvar, AZƏRTAC
2020-ci ildə muxtar respublikanın sosial-iqtisadi həyatında qeydə alınan inkişaf Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin gəlir və xərcləri üzrə proqnoz göstəricilərinin də yerinə yetirilməsinə müsbət təsir göstərib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən iclasda ətraflı danışılıb.
İclasda fondun sədri Əli Quliyev çıxış edərək bildirib ki, fondun xəzinə hesabına 112 milyon 489 min manat vəsait daxil olub. Bu da nəzərdə tutulan məbləğdən 18 milyon 839 min manat, 2019-cu ildə yığılan vəsaitdən isə 34 milyon 682 min manat çoxdur. Ümumilikdə isə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 62,2 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində yığılıb. Həmçinin fond büdcəsinin xərcləri 183 milyon 880 min manat icra olunub ki, bu da 2019-cu illə müqayisədə 31 milyon 882 min manat, yaxud 21,0 faiz çoxdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 180 milyon 696 min manat vəsait yönəldilib və əvvəlki illə müqayisədə 31 milyon 530 min manat, yaxud 21,1 faiz çoxdur. 176 milyon 708 min manat pensiya, 3 milyon 988 min manat isə sosial sığorta üzrə müavinətlərin ödənilməsinə ayrılıb.
Vurğulanib ki, məcburi dövlət sosial sığortası üzrə müavinətlərin ödənilməsinə ayrılan vəsaitdən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 236 min 600 manat, hamiləliyə və doğuma görə 1 milyon 416 min 500 manat, uşağın anadan olmasına görə 708 min 700 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 530 min 900 manat, dəfn üçün 1 milyon 95 min 300 manat xərclənib. 2020-ci il ərzində bank xidmət haqqı və plastik kartların dəyərinin ödənilməsinə 906 min manat, fondun aparatı və onun yerli orqanlarının saxlanılmasına isə 2 milyon 278 min manat sərf olunub.
Vurğulanıb ki, pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin tamamlanması məqsədilə 75 milyon 402 min manat dotasiya alınaraq yerli şöbələrə göndərilib.
Sonra digər çıxışlar dinlənilib.