REGİONLAR


Naxçıvan Dövlət Texniki Kollecinin məzunları ilə görüş keçirilib

Naxçıvan, 19 iyun, AZƏRTAC

Muxtar respublikada təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun və maddi-texniki bazanın yaradılması təhsilin yüksək səviyyədə təşkilinə geniş imkanlar açıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Texniki Kollecinin məzunları ilə görüşdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov deyib. Təhsil naziri bildirib ki, muxtar respublikada təhsilin inkişafına dövlət qayğısı sayəsində fərqli yanaşma mexanizminin formalaşmasına, ixtisaslı kadr hazırlığının inkişafına nail olunub.

Çıxışda 486 tələbənin təhsil aldığı Naxçıvan Dövlət Texniki Kollecində kadr hazırlığının yüksək səviyyədə aparılması, tələbələrin aldıqları nəzəri bilikləri təcrübə sahəsində həyata keçirmələri üçün hərtərəfli şəraitdən bəhs olunub. Bildirilib ki, 2021-2022-ci tədris ilindən isə kollecin qəbul planında dəyişiklik edilib, 5 yeni ixtisas olmaqla, ümumilikdə, 10 ixtisas üzrə kollecdə kadr hazırlığı aparılacaq. Muxtar respublikanın əmək bazarı və tələbatı nəzərə alınmaqla açılan yeni ixtisaslar hesabına qəbul planı 158-dən 183-ə qədər artırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli Qərarına uyğun olaraq son iki ildə kollecin məzunlarından 115-i müsabiqə şərtlərini ödəyərək qəbul imtahanı vermədən ali təhsil müəssisələrinə qəbul olublar.

Rəhman Məmmədov qeyd edib ki, hazırda muxtar respublika təhsilində innovasiyaların tətbiqinə geniş yer verilir. Buna görə də kollecdə STEAM kabinəsi qurulacaq, yeni açılan ixtisaslar üzrə müasir fənn kabinələri yaradılacaq.

Kadr hazırlığı istiqamətində aparılan tədbirlərdən danışan Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov bildirib ki, 2020-2021-ci tədris ilində kollecdə nizam-intizam və təlim-tərbiyə məsələləri diqqətdə saxlanılıb, hami təşkilatlarla sıx əməkdaşlıq yaradılıb, tələbələrin peşəkar kadr kimi formalaşmaları üçün bu təşkilatlarda təcrübə keçmələri təmin edilib. Bununla yanaşı, tələbələrin ictimai tədbirlərdə, ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilən müxtəlif səpkili müsabiqə, bilik və idman yarışlarında iştirakı təmin olunub, uğurlu nəticələr qazanılıb.

Tədbirdə kollecin məzunlarından Hikmət Yusifzadə və Bahar Novruzlu çıxış edərək yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər. Sonra 2020-2021-ci tədris ilində fərqlənən bir qrup müəllim və tələbəyə diplomlar təqdim edilib.

Sonda kollecin son tədris ilindəki uğurlarını əks etdirən sərgiyə baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.