REGİONLAR
Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri üçün onlayn açıq dərs keçirilib
Naxçıvan, 20 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi tərəfindən Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri üçün “Naxçıvanda ordu quruculuğu” mövzusunda onlayn açıq dərs təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, açıq dərsdə mərkəzin elmi katibi Nihad Tarverdiyev çıxış edərək şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə böyük rəşadət və qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı düşməndən azad etməsindən danışıb. Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusunun maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir. Ordumuzun bu gücə qovuşmasında xalq-ordu birliyinin mühüm rolu var.
Diqqətə çatdırılıb ki, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Yüksək diqqət və qayğı sayəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün muxtar respublikanın təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir.
Vurğulanıb ki, 2018-ci ilin mayında Şərur rayonunun Günnüt kəndinin və bir sıra strateji yüksəkliklərin düşməndən azad edilməsi ordumuzun gücünü bir daha sübut etdi.
Sonda açıq dərs iştirakçıları müzəffər ordumuzun Böyük Qələbəsinin hər kəsdə qürur hissi yaratdığını qeyd ediblər.