REGİONLAR
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələri istehsalat təcrübəsinə başlayıblar
Naxçıvan, 8 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələrinin istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev təcrübə prosesində görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Diqqətə çatdırılıb ki, ali təhsil ocağında bütün ixtisaslar kimi Tibb fakültəsinin tələbələri də mütəmadi olaraq təcrübə dərslərində iştirak edir, muxtar respublikanın ən son tibbi avadanlıqlarla təchiz edilən xəstəxanalarında praktiki dərslər keçir, peşəkar həkim kollektivi ilə işləmək imkanı qazanırlar. Bu da tələbələrin gələcəkdə ixtisaslı həkim kimi formalaşmasına xidmət edir.
Vurğulanıb ki, Tibb fakültəsində müasir avadanlıqlarla zəngin laboratoriyaların mövcudluğu burada keçirilən nəzəri biliklərin təcrübi cəhətdən mənimsənilməsində mühüm rola malikdir. İstehsalat təcrübələrinin əhəmiyyətindən danışan rektor qeyd edib ki, təcrübələrin sonunda tələbələrin davamiyyəti və bacarıqlarının qiymətləndirilməsi həyata keçiriləcək. Universitetin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndələrindən ibarət heyət istehsalat təcrübəsinə nəzarət edəcək. Bu baxımdan təcrübə dövründə hər bir təcrübəçi göndərildiyi klinika və xəstəxanaların nizam-intizam qaydalarına əməl etməlidir.
“İstehsalat təcrübələri üçün metodiki göstərişlər” mövzusunda çıxış edən Tibb fakültəsinin dekanı Elsevər Əsədov istehsalat təcrübəsinin yeni standartlara və tədris planına müvafiq həyata keçirildiyini deyib. Diqqətə çatdırılıb ki, tədris planına uyğun olaraq Müalicə işi, Tibbi profilaktika, Stomatologiya, Əczaçılıq ixtisasında təhsil alan tələbələr müvafiq olaraq 2, 3 və 4 həftə müddətində təcrübə dərslərində iştirak edəcəklər.
Ümumi təbabət və kliniki fənlər kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev “İstehsalat təcrübələrinin tələbələrin bilik və bacarıqlarının formalaşmasında rolu” mövzusunda çıxış edərək, tələbələrin təcrübə müddətində hansı tapşırıqları yerinə yetirməli olduqlarından, həkim-xəstə münasibətlərinin qurulmasından və proqramda nəzərdə tutulan tibbi vərdişlərə yiyələnmələrindən danışıb.
Daha sonra Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov Stomatoloji kadr hazırlığında praktiki vərdişlərin rolu mövzusunda çıxış edib. Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva təcrübi dərslərin keçirilməsinin tələbələrin ixtisaslı həkim kimi formalaşmasında xüsusi rola malik olduğunu bildirib.