REGİONLAR


Naxçıvan Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Naxçıvan, 9 yanvar, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti (NDU) “Erasmus+” layihəsi çərçivəsində “Erasmus+Aesop”, “Erasmus+Nizami” və “Erasmus+Petra”, “Key Action” layihələrinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa universitetləri ilə əməkdaşlıq edir. Universitet Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllimlərin akademik mobilliyi istiqamətində işləri uğurla davam etdirir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar NDU-da 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda səsləndirilib.

Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər ötən il də davam etdirilib. Universitetin tibb fakültəsinin korpusunda təmir və yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir.

Məruzədə tədris bazasının daha da möhkəmləndirilməsi məqsədilə yeni fənn kabinələri və laboratoriyaların qurulmasından, mövcud olanların zənginləşdirilməsi istiqamətində görülən işlərdən, müasir texnologiyalardan istifadəyə yaradılan şəraitdən bəhs olunub.

Universitetin 2018-ci ildə təhsil, elm və tərbiyə sahəsində yerinə yetirdiyi işlər və qarşıda duran vəzifələr barədə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov məlumat verərək deyib ki, ali təhsil ocağında 5351 bakalavr, 326 magistrant və 150 doktorant təhsil alır. Ötən il 1133 bakalavr, 100 nəfər magistrant təhsilini başa vurub. 2018-ci ildə bu ali təhsil ocağına bakalavr təhsil pilləsinə 1049, magistratura üzrə isə 157 nəfər qəbul olunub.

Prorektor bildirib ki, ötən il müxtəlif elm sahələri üzrə uğurlu tədqiqat işləri aparılıb. Universitet müəllimlərinin 15 monoqrafiyası, 90-a yaxın dərsliyi, dərs və tədris vəsaitləri, 558 elmi məqaləsi və 29 tezisi çap olunub. Hesabat dövründə 9 nəfər fəlsəfə doktoru, 3 nəfər isə elmlər doktorluğu alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib, mühüm elmi konfranslar keçirilib.

“Universitetin beynəlxalq əlaqələri” mövzusunda çıxışında beynəlxalq əlaqələr bölməsinin müdiri Müşərrəf Məmmədova vurğulayıb ki, ötən il universitetlərarası əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Bildirilib ki, hazırda universitetdə 486 xarici tələbə təhsil alır. Əcnəbi tələbələr Türkiyə, İran, Nigeriya, Qana və Gürcüstandan gəliblər.

Mühasibat uçotu və audit ixtisası üzrə IV kurs tələbəsi, Prezident təqaüdçüsü Kərim Nəcəfov “Universitetin ictimai həyatında tələbələrin rolu” adlı çıxışında tələbələrə göstərilən yüksək dövlət qayğısından, tələbə gənclərin ötənilki uğurlarından danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.