ELM VƏ TƏHSİL
Naxçıvan Dövlət Universiteti ilə Koreya Respublikasının Kimçonq Universiteti arasında tələbə mübadiləsi aparılır
Bakı, 20 fevral (AZƏRTAC). Naxçıvan Dövlət Universiteti (NDU) ilə Koreya Respublikasının Kimçonq Universiteti arasında tələbə mübadiləsi başlanılmışdır.
NDU-dan AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək Koreya Respublikası ilə ölkələrarası siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafında elmin, təhsilin və dilin müstəsna rolundan danışmışdır. Rektor universitetin Koreyanın ali təhsil ocaqları ilə əməkdaşlığının əhəmiyyətindən, muxtar respublika rəhbərliyinin və Koreyanın Azərbaycandakı səfirliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. NDU Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə hərtərəfli əməkdaşlığa malikdir və Bolonya prosesinin prinsiplərinə uyğun olaraq Kimçonq Universiteti ilə tələbə mübadiləsinə başlanılmışdır. Koreyanın qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirən KOICA dövlət agentliyi ilə universitetə müasir informasiya texnologiyalarının alınması, elektron idarəetmə sisteminin yaradılması ilə bağlı birgə layihə reallaşdırılması haqqında da məlumat verən rektor, hazırda universitetdə 10 nəfərə yaxın koreyalı tələbənin, bakalavr, magistratura, doktorantura üzrə təhsillərini davam etdirdiklərini vurğulamışdır. Universitetin beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Koreyaşünaslıq” seçmə fənni tədris olunur. Buradakı Koreya Mərkəzi uğurla fəaliyyət göstərir. Tələbə mübadiləsi məqsədilə NDU-dan 3 tələbə Koreyanın Kimçonq universitetində 6 ay müddətində təhsillərini davam etdirəcəklər. Həmçinin, Kimçonq Universitetindən gələn 2 tələbə bakalavr pilləsində təhsillərini bir il müddətində NDU-da davam etdirəcəkdir.
Koreya dili hazırlıq kurslarının müəllimi, NDU-nun magistrantı, Koreya vətəndaşı, ilk koreyaca-azərbaycanca danışıq kitabçasının müəllifi Çanq Se Cunq Koreya dili hazırlıq kursunun gedişi barədə məlumat vermişdir. Kimçonq Universitetinin tələbəsi Jeonq Seok yaxşı təhsil almaq üçün NDU-da hər cür şərait yaradıldığını, bu universitet haqqında Koreyada da müsbət fikirlərin olduğunu və təhsilini birillik davam etdirmək üçün məhz bu universiteti seçməsindən məmnunluq duyduğunu qeyd etmişdir.
Birinci kurs tələbəsi Şahin Tağıyev çıxışında tələbə mübadiləsini yüksək qiymətləndirərək, Azərbaycanı Koreyada layiqli təmsil edəcəklərini və müvəffəqiyyətlə ali təhsil almağa çalışacaqlarını bildirmişdir.
Sonda universitetin rektoru, akademik İsa Həbibbəyli Kimçonq Universitetinin elmi əsərlər jurnalında Azərbaycan-Koreya Respublikası əlaqələri haqqında dərc olunmuş məqaləsini NDU-da fəaliyyət göstərən Koreya mərkəzinə təqdim etmişdir.