REGİONLAR


Naxçıvan Dövlət Universitetində “20 Yanvar faciəsi tariximizin qan yaddaşıdır” adlı tədbir keçirilib

Naxçıvan, 17 yanvar, AZƏRTAC

1990-cı il 20 yanvar günü xalqımızın öz azadlığı, suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli bir səhifəsidir.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikir ali təhsil ocağında 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş anım tədbirində vurğulanıb.

Tədbirdə əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Universitet televiziyasının faciə qurbanlarının əziz xatirəsinə həsr etdiyi videoçarxa baxış olub.

Ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək milli birliyin, vətənpərvərliyin və qəhrəmanlığın simvoluna çevrilmiş 20 Yanvar faciəsinin baş verməsinə yol açan səbəblər barədə danışıb.

Vurğulanıb ki, Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların sovet qoşunları tərəfindən qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət aktı kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib.

Diqqətə çatdırılıb ki, hər bir xalq özünün xoşbəxt gələcəyini qurmaq, müstəqilliyini əbədi etmək üçün daim qan yaddaşını təzələməli, tarixi keçmişini, baş vermiş hadisələri dərindən bilməli və keçmişini unutmamalıdır. Bu mənada Prezident İlham Əliyevin 2019-cu il dekabrın 13-də imzaladığı “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncamı mühüm əhəmiyyətə malikdir.

Sonra Tələbə Teatr Studiyasının hazırladığı “Torpaq şəhidləri ilə ucalır” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Tələbələrin hazırladığı kompozisiyada 20 Yanvar faciəsinə həsr edilən şeirlər oxunub, mahnılar səsləndirilib.

Universitetdə faciə qurbanlarının əziz xatirəsinə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin qanlı yaddaşıdır” adlı sərgi də təşkil edilib. Sərgidə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tarixi faktlara söykənən, Azərbaycan, türk, ingilis və rus dillərində nəşr edilmiş kitablar sərgilənib. Tələbə və müəllimlər kitablarla tanış olub, sərgiyə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.