REGİONLAR
Naxçıvan Dövlət Universitetində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
Naxçıvan, 16 aprel, AZƏRTAC
Ali təhsil ocağının Tarix–filologiya fakültəsində “18 aprel -Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür” mövzusunda keçirilən tədbirdə muxtar respublikada tarixi abidələrin bərpa edilərək Azərbaycan xalqına qaytarılmasının əhəmiyyəti vurğulanıb.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov bu əlamətdar günün UNESCO tərəfindən 1983-cü ildə təsis olunduğunu bildirib. Vurğulayıb ki, göstərilən yüksək dövlət qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür.
Universitetin Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev muxtar respublikada tarixi-mədəni irsimizin qorunub yaşadılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci ilin 6 dekabr tarixli Sərəncamının icrası nəticəsində muxtar respublikanın tarixi abidələri siyahıya alınıb və pasportlaşdırılıb. Sənədləşdirilən 1162 abidənin 57-si dünya, 495-i ölkə, 665-i yerli əhəmiyyətli statusa malikdir.
Çıxışında tələbələrə Möminə Xatun türbəsi barədə danışan kafedranın müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Zemfira Seyidova vurğulayıb ki, türbə məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. Naxçıvan şəhərinin tarixi mərkəzində - Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə Xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. Türbə bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir.
Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müəllimi Nərmin Orucova tarixi abidələrimizin təbliğində gənclərin rolundan danışıb. Vurğulanıb ki, tələbə-gənclər sosial şəbəkələrin imkanlarından istifadə edərək tarixi abidələrimizi uğurla təbliğ edirlər.