REGİONLAR
Naxçıvan Dövlət Universitetində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib
Naxçıvan, 7 noyabr, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da qəbul etdiyi üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib.
Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağında Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu barədə danışıb.
Rektor Azərbaycan Respublikasının dövlət bayrağının müstəqillik rəmzi, milli qürur və şərəf mənbəyi olduğunu bildirib. Qeyd edib ki, üçrəngli bayrağımız 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilib. O, universitetin kollektivini qarşıdan gələn bayram münasibətilə təbrik edib, üçrəngli bayrağımızın tezliklə işğal altındakı torpaqlarımızda dalğalanmasını arzulayıb.
NDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov “Müstəqilliyimiz və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız” adlı məruzəsində ölkəmizin çoxəsrlik dövlətçilik tarixindən, Azərbaycan Respublikasının dövlət bayrağı ilə bağlı qəbul edilən sərəncamlardan danışıb. O, Bakıda, Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində və digər rayonlarda Dövlət Bayrağı Meydanı və muzeylərinin yaradılması barədə də məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il noyabrın 17-də imzaladığı Sərəncama əsasən hər il noyabrın 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Tədbir universitetin Tələbə Teatr Studiyasının Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Gülxarə Əhmədovanın rəhbərliyi ilə hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Bayraq Günü ilə əlaqədar NDU-nun müxtəlif fakültələrində də tədbirlər keçirilib.