REGİONLAR


Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisasının 25 illiyi qeyd olunub

Naxçıvan, 20 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində 1996-cı ildə Tarix-filologiya fakültəsinin tərkibində Hüquqşünaslıq ixtisasının tədrisinə başlanılıb, 1998-ci ildə isə İqtisad fakültəsinin nəzdində fəaliyyətini davam etdirib. Hazırda Beynəlxalq münasibətlər və hüquq fakültəsinin tərkibində fəaliyyətini davam etdirən ixtisasın tədrisinin ən yüksək səviyyədə aparılması üçün hərtərəfli dövlət qayğısı göstərilir, yeniliklər tətbiq olunur.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu faktları Hüquqşünaslıq ixtisasının fəaliyyətə başlamasının 25 illiyi münasibətilə keçirilən “Gələcəyin hüquqşünasları” mövzusunda elmi-praktik konfransda çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev diqqətə çatdırıb. Rektor bildirib ki, muxtar respublikada hüquq-mühafizə orqanlarının kadrlarla təminatı baxımından əsas baza rolunu oynayan ixtisasın bu illərdə minlərlə məzunu olub.

Vurğulanıb ki, tələbələr ixtisasa dair nəzəri bilikləri mənimsəməklə bərabər, müasir tədris üsullarının təcrübi bazası rolunu oynayan laboratoriyalarda tədrisdə aldıqları nəzəri biliklərinin möhkəmləndirilməsi, yoxlanılması, təcrübi bacarıq və vərdişlərlə əlaqələndirilməsini də öyrənirlər. Onlar laboratoriyalarda cinayətin araşdırılması zamanı sübutların yaranma qanunauyğunluqları, aşkar edilməsi, qeyd olunması, götürülməsi, qablaşdırılması, saxlanılması, tədqiqi, qiymətləndirilməsi üzrə təcrübə mübadiləsi aparır, sınaqdan keçirilməsi məsələlərini öyrənirlər.

Diqqətə çatdırılıb ki, ixtisasın perspektivləri nəzərə alınaraq gələcəkdə ikili diplom layihələrində fəal iştirakı nəzərdə tutulur. Rektor ixtisasın 25 illiyi münasibətilə müəllim və tələbələri təbrik edib.

Hüquq fənləri kafedrasının dosenti Şükür Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun tövsiyəsi əsasında yaradılan fakültəyə ilk illər muxtar respublikanın hüquq-mühafizə orqanlarında və dövlət strukturlarında çalışan səriştəli və təcrübəli mütəxəssislər cəlb olunub və 1997-ci ilin iyununda Hüquq fənləri kafedrası təşkil edilib. Artıq ixtisası bitirən məzunların kafedrada işlə təminatı uğurlu həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şöbə müdiri Səttar Zamanov, Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov həm bu ixtisasın məzunları, həm də kafedranın müəllimləri olmaqdan qürur duyduqlarını dilə gətiriblər. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsini şöbə müdiri Cahan Bayramova, türkiyəli məzun, İstanbul Ticarət Məhkəməsinin müdiri Abdurrahman Eyuboğlu ürək sözlərini çatdırıb, xatirələrini bölüşüblər.

Tədbirə onlayn olaraq qatılan Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şöbə rəisi, ədliyyə polkovniki Fikrət Vəliyev arzu və təbriklərini çatdırıb, uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.