REGİONLAR
Naxçıvan Dövlət Universitetində “Muğam axşamı” təşkil edilib
Naxçıvan, 20 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Konservatoriyasında ilk dəfə “Muğam axşamı” təşkil olunub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konsertdə ali təhsil ocağının İncəsənət fakültəsinin müəllim və tələbələri Azərbaycan xalq musiqisinin incisi olan muğamlar, təsniflər, xalq və bəstəkar mahnılarını ifa ediblər. Muğam konsertini tarda Musiqi təlimi kafedrasının baş müəllimi Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, kamançada Xalq çalğı alətləri kafedrasının baş müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Aqib Seyidov, qanunda Xalq çalğı alətləri ixtisası üzrə I kurs tələbələri Zəkiyyə Abbasova, udda Əfsun Məmmədov, nağarada həmin ixtisas üzrə II kurs tələbəsi Munis Əlisoy isə müşayiət ediblər. Konsertdə ritmik muğam “Heyratı”, Segah təsnifi “Könül açdım”, xalq mahnılarından “Gəl-gəl, ay aman”, “Aman təklik əlindən”, “İsmi pünhan”, “Çoban qızı” və klassik bəstəkarlardan Səid Rüstəmovun “A ceyran sevgilim” və Əlibaba Məmmədovun “Vətən yaxşıdır” musiqiləri ifa olunub.
Tamaşaçılara xoş ovqat bəxş edən sənət sahibləri sonra Şəfiqə Axundovanın bəstəkarı olduğu “Mehriban olaq” mahnısını birgə səsləndiriblər. Yaradıcı insanları təbrik edən Naxçıvan Dövlət Filarmoniyasının solisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov konsertdə musiqi nömrəsi ilə çıxış edib.
Sonda ali təhsil ocağında təşkil edilən konserti yüksək qiymətləndirən universitetin rektoru Elbrus İsayev ifaçıları təbrik edib. Bildirib ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.