REGİONLAR
Naxçıvan Dövlət Universitetində “Smart” tələbə kartlarının təqdimatı olub
Naxçıvan, 15 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “Smart” tələbə kartlarının təqdimatı olub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev təqdim edilən “Smart” tələbə kartlarının elektron universitet sistemini daha da gücləndirəcəyinə inandığını deyib.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiqlənən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən “Smart” tələbə kartları layihəsinin ilk mərhələsi NDU-da uğurla reallaşdırılıb. Bu layihə müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaq.
Diqqətə çatdırılıb ki, ali təhsil müəssisələri tələbələrinin bu layihəyə cəlb edilməsi bütövlükdə, təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq.
“Naxçıvanbank” ASC-nin İdarə Heyətinin sədri Azər Məmmədov bildirib ki, muxtar respublikada “nağdsız cəmiyyət”in formalaşdırılması, nağdsız ödənişlərin həcminin artırılması muxtar respublika rəhbəri tərəfindən diqqətdə saxlanılan əsas məsələlərdəndir. Məhz bunun nəticəsidir ki, muxtar respublikada nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”, 2016-2018-ci illərdə “Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq olunub və uğurla icra edilməkdədir.
Qeyd edilib ki, proqramın strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir.
NDU-nun Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı qeyd edib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və universitetin təşəbbüsü, “Naxçıvanbank” ASC və “Mastercard”ın dəstəyi ilə 2020-ci ildən universitetdə həyata keçirilməsinə start verilən “Smart” tələbə kartları unikal bir kartdır və bir çox mühüm xüsusiyyətləri, üstünlükləri ilə fərqlənir. Bu kartlar eyni zamanda tələbələr üçün yeni vahid Beynəlxalq ISIC (International Student Identity Card) standartları ilə hazırlanmış tələbə biletidir.
Vurğulanıb ki, kartın mühüm xüsusiyyətindən biri də debet bank kartı olmasıdır, artıq tələbələrə istər dövlət, istərsə də tədris müəssisəsi tərəfindən ödənilən təqaüdlər həmin kartlar vasitəsilə veriləcək və tələbələr ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirə biləcəklər. Eyni zamanda, regionda yaşayan valideynlər övladlarına rahatlıqla pul vəsaiti göndərə biləcəklər. Tələbələr “Smart” kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə “Smart” tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub. Eyni zamanda, bu kartların istifadəsinin genişləndirilməsi ölkədə nağdsız ödənişlərin təşviqində, müasir ödəniş mədəniyyətinin formalaşdırılmasında, maliyyə savadlılığının yüksəldilməsində mühüm addım olacaq.
Universitetin Mühasibat uçotu ixtisası üzrə I kurs tələbəsi Gülşən Abbasova tələbələr adından yaradılan şərait görə minnətdarlığını ifadə edib.
Sonda bir qrup tələbəyə “Smart” kartlar təqdim olunub.