REGİONLAR
Naxçıvan Dövlət Universitetində Ulu Öndərə həsr olunan tədbir: “Sən həmişə bizimləsən”
Naxçıvan, 7 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən həmişə bizimləsən” adlı tədbir keçirilib. Xarici tələbələrlə iş üzrə dekanlığın təşkil etdiyi tədbirdə hazırlıq kursunun əcnəbi tələbələri iştirak ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra xarici tələbələrin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək görkəmli dövlət xadiminin Azərbaycan Respublikasının hərtərəfli inkişafındakı xidmətlərindən danışıb.
Xarici tələbələrlə iş üzrə dekan, filologiya üzrə fəlsəfə doktoru, dosent Ceyran Quliyeva “Xarici tələbələrin Naxçıvan Dövlət Universitetində təhsili” mövzusundakı çıxışında ali təhsil ocağında təhsil alan xarici tələbələrin elmi-ictimai işlərdə fəal iştirak etdiklərini bildirib, keçirilən tədbirlər barədə məlumat verib.
Müalicə işi ixtisası üzrə IV kurs tələbəsi Şehriban Sarıhan “Ümummilli lider Heydər Əliyev xarici tələbələrin gözü ilə” mövzusunda çıxış edərək deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir Türk dünyasının böyük lideri kimi Türkiyə və Azərbaycan dövlətlərinin siyasi-iqtisadi əməkdaşlığının inkişafında, xalqlarımızın həmrəyliyində, milli-mənəvi tərəqqisində müstəsna xidmətləri olub.
Tədbir xarici tələbələrin Ümummilli Liderə həsr etdiyi bədii kompozisiya ilə davam edib.
Sonda universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov xarici tələbələrlə görüşərək onlara uğurlu tədbirə görə təşəkkürünü bildirib.