REGİONLAR


Naxçıvan Dövlət Universitetində akademik Azad Mirzəcanzadənin anadan olmasının 90 illik yubileyi qeyd edilib

Naxçıvan, 25 oktyabr, AZƏRTAC

Akademik Azad Mirzəcanzadə neft-qaz mexanikası sahəsində bütöv bir elmi istiqamət yaradıb. Həmçinin neft-qaz yataqlarının dinamik analizi ilə bağlı sanballı elmi məqalələr, kitab və monoqrafiyalar hazırlayıb.

Naxçıvan Dövlət Universitetinin (NDU) televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər universitetdə keçirilən görkəmli alim, Əməkdar elm və texnika xadimi, Dövlət mükafatı laureatı, akademik Azad Mirzəcanzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunan elmi-praktik konfransda səsləndirilib.

Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında” 2018-ci il 6 iyul tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Rektor görkəmli alimin 500-ə yaxın elmi məqalənin, 100-ə yaxın monoqrafiya, dərslik və dərs vəsaitinin, 50-dən çox ixtira və patentin müəllifi olduğunu vurğulayıb. Saleh Məhərrəmov Prezident İlham Əliyevin 2007-ci il iyulun 4-də “Azad Mirzəcanzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında” və alimin yubileyi ilə bağlı imzaladığı sərəncamları Azərbaycan elmində xüsusi xidməti olan akademikin əməyinə verilən yüksək qiymət və qayğının təzahürü kimi dəyərləndirib.

“Vətənpərvər və novator alim” mövzusunda məruzə ilə çıxış edən ümumi riyaziyyat kafedrasının müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Məhəmməd Hacıyev bildirib ki, Azad Mirzəcanzadənin rəhbərliyi ilə 300-dən çox elmlər namizədi, 120 elmlər doktoru hazırlanıb və bu gün onun yetirmələri Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Vyetnam, Almaniya və digər xarici ölkələrdə yüksəkixtisaslı kadrlar kimi fəaliyyət göstərirlər.

Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi, Prezident təqaüdçüsü Bətulə Əlizadə “Əfsanəvi akademik Azad Mirzəcanzadə” adlı çıxışında bildirib ki, son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə pedaqoji fəaliyyətlə də məşğul olub, yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edib, ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak edib.

Ümumi nəzəri və fizika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Fərman Qocayev akademiklə bağlı xatirələrini bölüşüb.

Sonda görkəmli alimin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.