REGİONLAR
Naxçıvan Dövlət Universitetində bilik yarışının qalibləri müəyyənləşib
Naxçıvan, 19 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) memarlıq və mühəndislik fakültəsində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr edilmiş sərgiyə və bilik yarışına yekun vurulub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə tələbələri təbrik edib. Rektor vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.
Oyunun qaydaları izah olunduqdan sonra bilik yarışına start verilib. İki mərhələdən ibarət olan yarışda 6 komanda iştirak edib. Birinci mərhələnin yekununda az xal toplayan komandalar oyunu tərk edib və ikinci mərhələyə başlanılıb.
Yarışın yekun nəticəsinə əsasən, I yerə universitetin meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, II yerə informasiya texnologiyaları, III yerə isə ekologiya mühəndisliyi ixtisasının tələbələri layiq görülüb.
Sonda tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə, eyni zamanda, “Greenwood” adlı elektron sxem nümayiş olunub. Elektron sxemdə eyni anda həm günəş, həm də külək enerjisinin əldə olunması imkanları öz əksini tapıb.