REGİONLAR
Naxçıvan Dövlət Universitetində keçirilən hesabat konserti maraqla qarşılanıb
Naxçıvan, 18 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində fortepiano kafedrasının hesabat konserti keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, kafedranın müəllim və tələbələrinin birgə çıxış etdiyi konsertdə Fikrət Əmirov və Elmira Nəzirovanın ərəb mövzuları əsasında “Konsert” əsəri təqdim edilib. S.Rüstəmovun “Oxu tar”, A.Məlikovun “İki qəlbin dastanı” baletindən musiqi, T.Quliyevin “Sənə də qalmaz”, “Güldür məni”, L.V.Bethoven, F.Şopen, S.Raxmaninov və digər bəstəkarların bəstələri tamaşaçılar tərəfindən maraqla dinlənilib. Konserti kafedranın müəllimləri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, dosent Vidadi Heydərov, Azərbaycan Respublikasının Əməkdar müəllimi Solmaz Axundova, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Rəna Cəfərova və digərləri müşayiət ediblər.
Sonda universitetin rektoru Elbrus İsayev tədbir iştirakçılarını təbrik edib, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Hesabat konsertini yüksək qiymətləndirən rektor tələbələrin gələcəkdə peşəkar musiqiçi kimi fəaliyyət göstərmələri üçün bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb. Rektor Konservatoriyanın son zamanlardakı uğurlarını sadalayaraq, təklif və tövsiyələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.