REGİONLAR
Naxçıvan Dövlət Universitetində keçirilən magistrantların XII regional elmi konfransı başa çatıb
Naxçıvan, 1 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, “Naxçıvan” Universitetinin magistrantlarının birgə konfransı keçirilib.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev muxtar respublikada yerləşən ali təhsil müəssisələrinin magistrantlarının elmi konfranslarının keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb. İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan rektor bu gün universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın təhsil sahəsinə töhfələr verdiyini vurğulayıb.
Qeyd edilib ki, muxtar respublikada təhsilə göstərilən yüksək qayğı təhsilverənlərin və təhsilalanların qarşısına çox böyük məsuliyyət qoyur. Belə ki, tələbələr müasir tədris metodları ilə yanaşı, geniş imkanlara malik maddi-texniki bazası olan ali təhsil müəssisələrində həm nəzəri biliklər qazanır, həm də təcrübi bazaya malik olur, gənclər daha çevik, innovativ metodlarla işləməyi öyrənirlər. Elmə, təhsilə göstərilən diqqət və qayğının nəticəsində cəmiyyətdə savadlı, bilikli, öz fəaliyyəti ilə doğma diyarımıza töhfə verən gənclər yetişməkdədir.
Diqqətə çatdırılıb ki, universitetdə növbəti tədris ilindən magistr dissertasiyalarının xüsusi proqram vasitəsilə yoxlanılması həyata keçiriləcək. Hazırda universitetin Magistratura təhsil səviyyəsində I kurslarda 64 ixtisaslaşma üzrə 204 nəfər, II kurslarda isə 47 ixtisaslaşma üzrə 144 magistrant təhsil alır. Bu il keçirilən magistraturaya qəbulun nəticələrinə görə bakalavr mərhələsini bitirən məzunların 187 nəfəri imtahanda iştirak edib, bunlardan 158 nəfəri müsabiqə şərtlərini ödəyiblər.
Rektor universitetdə yaradılması nəzərdə tutulan Texnologiyalar Parkının da magistraturada təhsil alan tələbələrin öz bacarıqlarını nümayiş etdirmələri baxımından mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb. Eyni zamanda, bildirilib ki, tələbələr gələcəkdə Texnopark vasitəsilə beynəlxalq şirkətlərlə də əməkdaşlıq etmək imkanı qazanacaqlar.
Ali təhsil sistemində magistr pilləsinin əhəmiyyətindən danışaraq AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında bildirib ki, əvvəlki dövrlərlə müqayisədə müasir tədris proqramına uyğun keçirilən dərslər tələbələrin ixtisaslı kadr kimi yetişməsinə xidmət edir. Muxtar respublikanın dərindən tədqiq edilərək öyrənilməsi məqsədilə yaradılan akademiyada elmi-tədqiqat işlərinin həyata keçirilməsi uğurla davam etdirilir. İsmayıl Hacıyev elmi-tədqiqat işlərinin daha da geniş vüsət alması üçün magistratura təhsilini başa vuran məzunların akademiyada fəaliyyət göstərməyi üçün yaradılan şəraitdən danışıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov muxtar respublikada elmə, təhsilə göstərilən böyük dövlət qayğısından danışıb. Bildirilib ki, konfransların keçirilməsi tələbələrin elmi-tədqiqat işlərinin qiymətləndirilməsi baxımında xüsusi rola malikdir. Bu gün dünyanın nüfuzlu platformalarında tarixi faktlara əsaslanan məqalələrin yer alması bu sahədə ixtisaslı kadrlara olan tələbatı daha da artırır. Azad Novruzov rəhbərlik etdiyi ali təhsil ocağında 5 pedaqoji ixtisas üzrə magistr hazırlığının aparıldığını qeyd edib.
Təhsilin və elmin qarşısında duran əsas vəzifənin yüksək ixtisaslı kadrların hazırlanması olduğunu vurğulayan “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, universitetdə 8 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir. Rektor hər üç ali təhsil müəssisənin birgə qatıldığı konfransın əhəmiyyətini vurğulayıb.
Naxçıvan Dövlət Universiteti magistrantı Lalə Rzayevanın “Magistr təhsilinin tarixi və müasir dövrdə əhəmiyyəti” mövzusunda çıxışı maraqla qarşılanıb.
Sonda Naxçıvan Dövlət Universitetində I kurs magistrantlarının müxtəlif musiqi alətlərində ifaları təqdim edilib.
Qeyd edək ki, Magistrantların XII regional konfransında Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, “Naxçıvan” Universitetinin, İqtisad Universitetinin, “Azərbaycan ” Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və AMEA Botanika İnstitutunun magistrantları 12 bölmədə 208 məqalə ilə məruzə ediblər.