REGİONLAR


Naxçıvan Dövlət Universitetində maarifləndirici tədbir: Piyada keçidindən keç, həyatından keçmə!

Naxçıvan, 9 noyabr, AZƏRTAC

İnzibati Xətalar Məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı, piyadaların da kifayət qədər məsuliyyəti nəzərdə tutulub.

Naxçıvan Dövlət Universitetinin (NDU) televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə universitetdə “Yol hərəkəti qaydalarının təşkili” ilə əlaqədar keçirilən maarifləndirici tədbirdə məlumat verilib.

Tədbirdə çıxış edən NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yol hərəkəti qaydalarının təşkili ilə bağlı keçirilən maarifləndirici söhbətlərin əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov muxtar respublikada yol nəqliyyat kompleksinin beynəlxalq standartlar səviyyəsində qurulduğunu bildirib. “Naxçıvan şəhərinin daxili avtomobil yollarının yenidən qurulması layihəsi uğurla icra olunur, Culfa-Ordubad magistral avtomobil yolu yenidən tikilir. Piyada keçidlərinin qurulmasında 3D formatından istifadə edilir”, – deyən Rəşad Seyidov bu cür keçidlərin hərəkət iştirakçılarının avtomobil yollarında daha rahat və təhlükəsiz istifadəsinə xidmət etdiyini diqqətə çatdırıb.

Muxtar respublikada quraşdırılan 167 nəzarət-müşahidə kamerası vasitəsilə yol hərəkətini pozanlara qarşı qanunamüvafiq tədbirlər görülsə də, keçirilən tədbirlərə baxmayaraq, qaydalara əməl etməyənlərin də kifayət qədər olduğu vurğulanıb. Daxili İşlər Nazirliyinin idarə rəisi tələbələri yol hərəkəti qaydalarına daim əməl etməklə, digər vətəndaşlara nümunə olmağa çağırıb.

Nazirliyin Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılov videoçarx vasitəsilə nizamlanan və nizamlanmayan piyada keçidləri, işıqfordan istifadə qaydaları, yol hərəkəti qaydalarını pozmağa görə cərimələnmə məsələlərindən ətraflı danışıb.

Universitetin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Rəhman Babayev yol hərəkətinin təhlükəsizliyində piyadaların vəzifələrindən söhbət açıb.

Sonda Naxçıvan Televiziyasının hazırladığı “Piyada keçidindən keç, həyatından keçmə!” adlı videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.