REGİONLAR
Naxçıvan Dövlət Universitetində memarların sərgisi təşkil olunub
Naxçıvan, 8 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrası çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) memarlıq sərgisi təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, NDU və Memarlar Birliyinin təşkilatçılığı ilə keçirilən sərgidə memar müəllim və tələbələrin əl işləri nümayiş olunub.
Tədbirdə çıxış edən universitetin Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşır Zeynalov sərgi iştirakçılarına uğurlar arzulayıb. Muxtar respublikanın Memarlar Birliyinin sədri Heydər Əhmədov bu gün Naxçıvanda hər sahədə olduğu kimi, memarlıq sahəsində də yaradılan hərtərəfli şəraitdən danışıb. Bildirilib ki, tikinti sektorunun yüksək templə inkişaf etməsi, muxtar respublikanın şəhər və kəndlərində yeni binaların tikilməsi, köhnə binaların əsaslı şəkildə təmiri və yenidən qurulması memarlığın da inkişafına öz töhfəsini verir.
Tələbələrlə birgə ustad memarların da qatıldığı sərginin əhəmiyyətindən danışan Heydər Əhmədov bu cür sərgilərin gənc memarların təcrübələrinin artırılmasında əhəmiyyətli rol oynadığını bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Ruslan Kəngərli, universitetin Memarlıq kafedrasının müdiri Gülnarə Qənbərova çıxış ediblər.
Sonda Beynəlxalq Memarlar Günü münasibəti ilə tədbir iştirakçılarına hədiyyələr təqdim edilib, sərgiyə baxış olub.