REGİONLAR


Naxçıvan Dövlət Universitetində ustad dərsləri keçilib

Naxçıvan, 6 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini ilk dəfə kompleks şəkildə öyrənən siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu Naxçıvan Dövlət Universitetinin müəllim və tələbləri üçün ustad dərsi keçib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Hikmət Babaoğlu “Beynəlxalq münasibətlər”, “Xarici siyasət”, “Yeni dünya nizamı” mövzularında çıxış edib, tələbələrin suallarını cavablandırıb. Bildirib ki, müasir dövrdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yerini, rolunu, mövqeyini, iştirakçılıq səviyyəsini müəyyən edən başlıca strateji amillərdən biri həyata keçirilən xarici siyasət kursudur.

Professor vurğulayıb ki, bir sıra nəzəri-konseptual mənbələrdə xarici siyasət, əsas etibarilə, daxili siyasətin davamı kimi səciyyələndirilir. Lakin bütövlükdə xarici siyasət spesifik xarakter daşıyır, yəni öz istiqamətləri, hədəfləri, məqsədləri və prioritetlərinə görə daxili siyasətdən fərqli xarakterə malik olan strateji vasitə kimi çıxış edir.

“Azərbaycan həyata keçirdiyi məqsədyönlü, strateji diplomatiya sayəsində dünya siyasətinin cazibə mərkəzlərindən birinə çevrilməkdədir”, - deyən Hikmət Babaoğlu vurğulayıb ki, bunun əsas səbəblərindən biri dövlətimizin başçısının dünya siyasətində baş verən dəyişiklikləri düzgün qiymətləndirmək və bu kontekstdə milli təhlükəsizliyimizi, milli maraqlarımızı yeni çağırışlarla uzlaşdıra bilmək bacarığıdır.

X X X

Türk Ağsaqqalları Birliyinin sədri, Əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, akademik Sudeif İmamverdiyev Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllim və tələbələri üçün ustad dərsi keçib.

Əvvəlcə ali təhsil ocağının rektoru Elbrus İsayev uzun illər tibb elminin inkişafında xüsusi xidmətləri ilə seçilən, ömrünün 64 ilini həkimlik, 57 ilini pedaqoji fəaliyyətə həsr edən akademikin təcrübəsini müəllim və tələbələrlə paylaşmasının əhəmiyyətini qeyd edib.

Akademik Sudeif İmamverdiyev görüşdən məmnunluğunu ifadə edib. Alim urologiya və nefrologiya sahələrini əhatə edən ustad dərsində uroloji xəstəliklər, onların yaranma səbəbləri, əlamətləri, müalicəsindən ətraflı bəhs edib. O, böyrəklərin quruluşu, işləmə prinsipi, böyrəklərdə baş verən xəstəliklərin aşkarlanması üçün analizlərin aparılma qaydası, böyrək təzyiqinin yaranma səbəbləri, orqanizmdə zülalların miqdarının laboratoriya anailizlərində müəyyənləşdirilməsinin qabaqcıl metodlarını diqqətə çatdırıb.

Sonra Sudeif İmamvediyev müəllim və tələbələrin mövzu ilə bağlı suallarını ətraflı cavablandırıb.

Ustad dərslərinin yekununda rektor Elbrus İsayev universitetin təşəkkürnamələrini təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.