REGİONLAR
Naxçıvan Dövlət Universitetində yeni nəşrlərin təqdimatı olub
Naxçıvan, 9 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalovun “İnformatika” və riyaziyyat üzrə fəlsəfə doktoru Kəmalə Qasımova ilə birlikdə yazdığı “Kompüterlərin arxitekturası” dərsliklərinin təqdimatı olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək informasiya-kommunikasiya texnologiyalarının (İKT) cəmiyyətdəki yeri və rolundan danışıb.
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya texnologiyaları nazirinin müavini Əli Mikayılov müəllifləri təbrik edərək kitablar haqqında məlumat verib. Bildirib ki, nəfis tərtibatda çapdan çıxmış “İnformatika” kitabı 12 fəsildən və fəsillərin hər birinə aid testlərdən ibarətdir. Dərslikdə informatikanın əsas anlayışları, Elektron Hesablama Maşınlarının yaranma tarixi və inkişaf mərhələləri, kompüterlərin proqram təminatı, kompüter və internet şəbəkələri haqqında geniş məlumatlar öz əksini tapıb.
“Kompüterlərin arxitekturası” kitabı haqqında məlumat verən Əli Mikayılov 5 fəsildən və fəsillərə aid testlərdən ibarət dərsliyin ali məktəblərdə informasiya texnologiyaları və kompüter mühəndisliyi istiqamətində bakalavr pilləsi üzrə təhsil alan tələbələr, həmçinin uyğun ixtisaslar üzrə magistr, doktorant, mühəndis, elmi işçi və müəllimlər üçün nəzərdə tutulmuş dəyərli vəsait olduğunu diqqətə çatdırıb.
Sonra Rabitə və İnformasiya texnologiyaları kafedrasının baş müəllimi Hüseyn Qasımovun “İnformatika fənninin predmeti, məqsədi və onun cəmiyyətdəki rolu”, fizika üzrə fəlsəfə doktoru, dosent Məftun Əliyevin “Hesablama texnikasının meydana gəlməsi və təşəkkül tarixi”, rabitə və informasiya texnologiyaları ixtisası üzrə magistr Hüseyn Əsgərlinin “İnternetin yaranma tarixi” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə qeyd olunub ki, İKT-nin sürətlə inkişaf etdiyi XXI əsrdə bu sahənin daha dərindən öyrənilməsini təmin edəcək dərsliklərə ciddi tələbat var və təqdimatı keçirilən kitablar informasiya texnologiyaları üzrə biliklərin inkişafına öz töhfəsini verəcək.
Sonda müəllif, professor Cavanşir Zeynalov kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə və elmi-pedaqoji fəaliyyətinə göstərdiyi yüksək diqqət və qayğıya görə universitet rəhbərliyinə dərin minnətdarlığını bildirib.