REGİONLAR


Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələri genişlənir

Naxçıvan, 29 dekabr, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti ümummilli lider Heydər Əliyevin ideyalarını yaşadan dövlətçilik universitetidir

Naxçıvan Dövlət Universitetinin (NDU) ölkəmizdə və onun hüdudlarından kənarda nüfuzlu elm və təhsil ocağı kimi tanınması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin və şərəfli inkişaf yolu keçmiş ali təhsil ocağı Ümummilli Liderimizin ideyalarını yaşadan dövlətçilik universitetidir. Ulu Öndər deyib: “Çox xoşbəxtəm ki, mən bu universitetin yaranmasının təməlini qoyanlardan biri və onun təşəbbüskarıyam... Böyük iftixar hissi keçirirəm ki, əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir... Naxçıvan təhsili, məktəbi mənim üçün əzizdir. Naxçıvan Dövlət Universiteti isə Naxçıvan təhsilinin zirvəsidir”.

Bu gün Naxçıvan Dövlət Universiteti yeni inkişaf mərhələsinə qədəm qoyub. Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri universiteti də əhatə edib, müasir tədris korpusları, kitabxana, konservatoriya, Sosial Xidmət Mərkəzi, xəstəxana, Olimpiya-İdman Mərkəzi, Baytarlıq Təbabəti və Tələbə evi istifadəyə verilib, müasir “Universitet şəhərciyi” salınıb. Naxçıvan Dövlət Universitetində informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunub, elektron idarəetmə və tədris sistemi istifadəyə verilib, kadr hazırlığına diqqət artırılıb, yeni fakültələr və ixtisaslar açılıb.

1967-ci ildə 3 ixtisas və 103 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 12 fakültədə tədris aparılır, bakalavr səviyyəsində 60 ixtisas üzrə 5351 tələbə, magistratura səviyyəsində 81 ixtisas üzrə 326 magistrant, doktorantura səviyyəsi üzrə 150 doktorant təhsil alır. Universitetdə dissertasiya şurasının fəaliyyət göstərməsi muxtar respublikada ali təhsillə yanaşı, elmi potensialın da inkişafına əhəmiyyətli təsir göstərir.

NDU-nun dünyanın 50-dən çox ölkəsinin 80-dən artıq ali təhsil ocağı ilə faydalı əməkdaşlıq münasibətləri mövcuddur

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Naxçıvan Dövlət Universitetinin ötən 50 ildə qazandığı təcrübə, elmi potensial və yaradılan tədris imkanları bizim sərvətimizdir”.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, bu gün NDU möhkəm milli əsaslara malik olan, dünya universitetlərinə inteqrasiya edən müasir tipli ali təhsil ocağıdır. Əgər 1996-cı ildə NDU ölkəmizin 37 universiteti arasında 36-cı yerdə idisə, hazırda yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə Azərbaycan ali təhsil müəssisələri arasında ilk sıradadır. 2015-ci və 2017-ci illərdə NDU ölkəmizin ali məktəblərinin reytinqində ilk yeri tutub. Asiya Universitetləri Cəmiyyətinin, Avropa Rektorlar Klubunun, Avrasiya Universitetlər Birliyinin (EURAS) üzvü olan, “Minilliyin universiteti” adını daşıyan bu ali təhsil ocağını Şərqdə və Qərbdə nəinki tanıyır, həm də dünya universitetləri ailəsinin layiqli üzvü kimi qəbul edirlər. Son illər beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, hazırda NDU-nun dünyanın 50-dən çox ölkəsinin 80-dən artıq ali təhsil ocağı ilə faydalı əməkdaşlıq münasibətləri mövcuddur. Mövlana, Tempus, Erasmus+, Erasmus Mundus, Key Action proqramlarının uğurlu icrası universitetin beynəlxalq arenada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün NDU-da beynəlxalq, o cümlədən elmi əməkdaşlığın inkişafı ilə yanaşı, tələbə mübadiləsinə də böyük əhəmiyyət verilir. Müasir təhsil infrastrukturunun, möhkəm maddi-texniki bazanın və güclü kadr potensialının yaradılması xarici tələbələrin diqqətinin bu ali təhsil ocağına yönəlməsində başlıca amildir. Təbii ki, bu işdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının, burada təhlükəsiz həyatın təmin olunmasının, multikulturalizm ənənələrinin layiqincə qorunub saxlanılmasının da mühüm rolu var. Bu gün Azərbaycanın ali təhsil müəssisələrində 6 min əcnəbi təhsil alır ki, onun da 500-ü NDU-nun tələbəsidir.

Bu gün Naxçıvan Dövlət Universitetində dünyanın 8 ölkəsindən tələbələr təhsil alır

NDU-da Xarici tələbələrlə iş üzrə dekanlıq fəaliyyət göstərir. Dekanlıq universitetə təhsil almağa gələn xarici vətəndaşların hazırlıq kurslarını təşkil edir, ayrı-ayrı fakültələrdə bakalavr və magistr təhsili alan xarici tələbələrin qayğıları ilə maraqlanır. Xarici ölkələrdən gələn tələbələr hazırlıq kurslarında 8 ay təhsil aldıqdan sonra buraxılış imtahanı verirlər. Buraxılış imtahanından keçənlər seçdikləri ixtisaslar üzrə birinci kurslara qəbul olunurlar. Magistratura təhsilini seçən əcnəbi vətəndaş isə Azərbaycan Respublikasının hər hansı ali təhsil müəssisəsinin bakalavr pilləsindən məzun olubsa, bu zaman o, hazırlıq kursu keçmədən magistraturaya qəbul edilir.

Bu gün NDU-da dünyanın 8 ölkəsindən – Türkiyə, İran, Nigeriya, Banqladeş, Cənubi Koreya, Qana, Nepal və İraqdan tələbələr təhsil alır. Tələbələrin sayına görə Türkiyə Respublikası birinci sıradadır. Xarici tələbələr, əsasən, universitetin Tarix-filologiya, Fizika-riyaziyyat, Pedaqoji, Təbiətşünaslıq və kənd təsərrüfatı, Memarlıq və mühəndislik, Tibb, Beynəlxalq münasibətlər və xarici dillər, Sosial idarəetmə və hüquq, İqtisad və İncəsənət fakültələrində təhsil alırlar. Sevindirici haldır ki, son iki ildə universitetə təhsil almaq üçün müraciət edən əcnəbi tələbələrin sayında artım müşahidə olunub. Belə ki, bu il 252 əcnəbi tələbənin müxtəlif ixtisaslar üzrə hazırlıq kursuna qəbul olunması NDU-nun dünyada artan nüfuzunun, beynəlxalq arenada qəbul edilən ali təhsil müəssisəsi olmasının təqdirəlayiq ifadəsidir.

2018-ci ilin sentyabr ayından etibarən əcnəbi tələbələrin müvəqqəti yaşayış üçün qeydiyyatı artıq universitetin Xarici əlaqələr bölməsində aparılır. Əcnəbi tələbələr olduqları yer üzrə qeydiyyat və müvəqqəti yaşama icazələrinin verilməsi üçün muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinə elektron qaydada müraciət etmək imkanına malikdirlər. NDU-da xarici tələbələrin asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılır, bu məqsədlə müxtəlif intellektual oyunlar, müsabiqələr, idman yarışları, viktorinalar, Beynəlxalq Tələbə-Gənclər Həftəsi təşkil olunur. Vaxtaşırı keçirilən “Azərbaycanı tanı” intellektual oyununda, futbol, şahmat, stolüstü tennis, badminton və digər idman növləri üzrə yarışlarda əcnəbi tələbələr fəallıq göstərirlər. Beş minillik tarixə şahidlik edən, dünya sivilizasiyasının beşiyi olan Naxçıvanın tarixi və mədəni abidələrinə, muzeylərinə, turizm obyektlərinə turların təşkili də tələbələrin muxtar respublika ilə daha yaxından tanış olmasına imkan verir.

Distant təhsil proqramı ölkəmizdə ilk dəfə Naxçıvan Dövlət Universitetində tətbiq olunub

NDU-nun dünyaya inteqrasiyasında, xarici tələbələrin burada təhsil almaq imkanlarının daha da yaxşılaşmasında distant təhsilin tətbiqi mühüm əhəmiyyətə malikdir. Distant təhsil proqramının Azərbaycan ali məktəbləri arasında ilk dəfə NDU-da həyata keçirilməsi tədris prosesində müasir texnologiyaların imkanlarından geniş istifadənin nəticəsidir. Tələbələr istənilən ölkədən kompüter, mobil telefon və planşetlər vasitəsilə NDU-nun ndu.edu.az saytına müraciət etməklə Distant Təhsil Mərkəzinə qoşulmaq imkanına malikdirlər. Çoxfunksiyalı distant təhsil proqramında dərslər offlayn və onlayn rejimdə tədris olunur. Keçirilən dərslərin yaxşı mənimsənilməsi üçün elektron kitabxana portalı fəaliyyət göstərir. İlkin mərhələdə xarici dil müəllimliyinin ingilis, fransız, alman və rus dilləri olmaqla 4 ixtisas üzrə distant təhsil aparılır.

Universitetdə təhsil alan xarici tələbələr yaradılan şəraiti yüksək qiymətləndirirlər

Cihad Erdem Türkiyə vətəndaşıdır. Memarlıq ixtisasının III kursunda oxuyur. O, NDU-da təhsil almaqdan və muxtar respublikada olmaqdan məmnunluğunu bildirərək deyir: “Naxçıvanda təhsil almaq istəyi məndən əvvəl burada oxumuş dostlarımın tövsiyəsi əsasında yarandı. Muxtar respublikaya gələndən sonra onların Naxçıvanın inkişafı və təhsilin səviyyəsi barədə dediklərindən də artığının şahidi oldum. Bunlar məni çox sevindirdi. Sizin bir atalar sözünüzdə də deyildiyi kimi: min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Dilimizin, kökümüzün, adət-ənənələrimizin, tariximizin bir olmağı imkan verir ki, bir-birimizi daha yaxşı başa düşək. Buraya daha yaxından bələd olduqca görürəm ki, Naxçıvan həqiqətən də ən qədim oğuz-türk yurdudur. Bu torpağın hər qarışında əcdadlarımızın yaratdığı böyük mədəniyyətin, qədim tarixin izləri var. Dərsdən sonra bizi vaxtaşırı muzeylərə aparırlar. Bu, mənim üçün ən böyük dərs və asudə vaxtımın ən səmərəli təşkili formasıdır”.

Nigeriyalı tələbələr: Naxçıvanda gənclərin, o cümlədən xarici tələbələrin təhsil alması ilə yanaşı, onların yaşaması və işləməsi üçün də hərtərəfli şərait yaradılıb

Memarlıq ixtisası üzrə III kurs tələbəsi David Lekan Olaboye nigeriyalıdır. Uzaq Afrika ölkəsindən elm öyrənməyin yolunu tutub Naxçıvana gəlmiş bu gəncin fikirləri də maraqlıdır. Onun dediklərindən: “Naxçıvan Dövlət Universitetini məndən əvvəl burada oxuyan həmvətənlərimin sayəsində seçmişəm. Mən universitetin yataqxanasında qalıram və bu da mənim üçün hər cəhətdən rahat və sərfəlidir. Təhsilin səviyyəsi yüksəkdir. Tədrisdə ən müasir texnologiyalar tətbiq olunur. Naxçıvanda insanlar arasındakı mehribançılıq, qonaqpərvərlik məni buraya daha çox bağlayır. İdmana marağım var. Boksla məşğul oluram. Universitetin idman kompleksində məşq etmək üçün geniş imkanlar var. Universitetin idman kompleksində yaradılan şərait bir çox ölkənin böyük şəhərlərində belə yoxdur. Heç bir vəsait ödəmədən burada məşq edirəm. Hətta keçirilən yarışlara qatılıb diplomlar da almışam”.

Jurnalistika ixtisası üzrə II kurs tələbəsi Adebusalo Owoade də nigeriyalıdır. Onun təəssüratları da maraqlıdır: “Sevinirəm ki, jurnalistika ixtisasına burada yiyələnirəm. Çünki universitetdə Media Mərkəzinin fəaliyyət göstərməsi təhsil və təcrübəni eyni vaxtda qazanmağa imkan verir. Verilişlərin hazırlanmasını və efirə verilmə prosesini maraqla izləyirəm. Gələcəkdə “Universitet” televiziyasında verilişlər də hazırlamağı nəzərdə tuturam. Naxçıvanda gənclərin, o cümlədən xarici tələbələrin təhsil alması ilə yanaşı, onların yaşaması və işləməsi üçün də hərtərəfli şərait yaradılıb. Mən də işlə təmin olunmuşam. Dərsdən sonra işləyirəm. Bu da imkan verir ki, öz maddi tələbatımı ödəyim”.

Həmsöhbət olduğumuz daha bir nigeriyalı tələbə isə Onanuga Olubayo Josephdir. O, Dünya iqtisadiyyatı ixtisasının IV kurs tələbəsidir. Tələbə yoldaşları deyir ki, Josephi axtaran kitabxanaya getməlidir. Çünki o, vaxtının böyük bir qismini orada kitab oxumaqla keçirir. Söhbət zamanı Joseph də bu fikri təsdiqləyir: “Naxçıvanın çox qədim tarixi var. Möminə xatun türbəsini, Əlincə qalasını ziyarət etmişəm və məndə çox dərin təəssürat formalaşıb. Naxçıvanın təmiz, abad, səliqəli və təhlükəsiz yer olması bütün xarici tələbələrin ürəyincədir. Tərəddüd etmədən günün istənilən saatında şəhərə çıxmaq imkanımız var. Universitetin kitabxanasından mütəmadi istifadə edirəm. Oxuduğum ixtisas üzrə kitabları burada tapıram. Xarici tələbə olduğum üçün mənimlə daha çox maraqlanırlar. Kitabxananın elektron oxu zalından da istifadə edirəm”.

Aktaruzzaman: Yaxşı ki, buradayam

“Mən Naxçıvanda olmaqdan həzz alıram. Naxçıvan Dövlət Universiteti haqqında internetdən məlumat toplamışdım, sosial şəbəkələr vasitəsilə burada təhsil alan xarici tələbələrə yazıb soruşmuşdum. Hamısı, “gəl, peşman olmazsan” demişdi. Gəlib universitetin maddi-texniki bazasını, kampusunu, müəllim heyətini, Naxçıvanın gözəlliklərini, insanların mehribanlığını görəndə öz-özümə “yaxşı ki, buradayam” dedim. Hazırlıq kursunda təhsil almağa başlasam da artıq Naxçıvana, universitetə alışmışam. Elə bilirəm öz evimdəyəm”. Bu fikirlər hazırlıq kursunun dinləyicisi olan banqladeşli MD Aktaruzzamana məxsusdur.

İranlı tələbə: Universitetin təhsil şəraiti çox gözəldir

İranlı tələbə Pariya Mojtahedi Müalicə işi ixtisasının I kursunda oxuyur: “Mən 10 il bundan əvvəl də Naxçıvanda olmuşdum. Təhsil almaq üçün buraya gələndə isə heyrət etdim. Şəhər başdan-başa dəyişib. Naxçıvan Şərq ənənələrinin və Qərb müasirliyinin vəhdət təşkil etdiyi şəhərdir. Yaşı qədim, özü müasir olan bu torpaqda sivilizasiyalar, mədəniyyətlər birləşir. Universitetin təhsil şəraiti isə çox gözəldir. Tələbə yoldaşlarımızla birgə Tibb fakültəsi üçün yeni binanın inşa olunmasını fərəhlə qarşılayırıq. Xəstəxanalarda təcrübə keçirik, burada olan şərait bizi qane edir. Kiçikdən-böyüyə hamı istiqanlıdır. Tanımadığım ünvanı soruşanda məni özləri ora aparırlar. Tələbə yoldaşlarımla, dostlarımla bir ailəyik. Hətta ailələrimiz arasında da əlaqələr yaranıb”.

Şəhriban Sarıhan: Bu gün mən qədim tarixi olan Naxçıvanda təhsil aldığım üçün çox şadam

Pariyanın tələbə yoldaşı türkiyəli Şəhriban Sarıhan söhbətə qoşulur: “Mənim xəyallarım arasında bir gün Azərbaycana gəlib yaşamaqda vardı. Bu gün mən qədim tarixi olan Naxçıvanda təhsil aldığım üçün çox şadam. Çünki özümü doğma vətənimdə hiss edirəm. Dilimiz, dinimiz, adətlərimiz və dəyərlərimiz birdir. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Türk dünyasının böyük oğlu Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlətik”. 2018-ci ildə Naxçıvanın Azərbaycanın Gənclər Paytaxtı, İslam Mədəniyyəti Paytaxtı olmasının qürurunu yaşadıq. Naxçıvanda təşkil edilən konsertlərdə, bilik yarışlarında, viktorinalarda, idman yarışlarında fəallıq göstərirəm. Mükafatlarım da var. Universitetin 50 illik yubileyi isə xoş xatirələrlə yaddaşıma yazılıb. Xoşbəxtəm ki, yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bir qrup xarici tələbə ilə yanaşı, məni də mükafatlandırdı. Həmin tədbirdə Naxçıvan haqqında ən xoş sözlərimi, duyğularımı dilə gətirdim. Bunu heç vaxt unutmayacağam. 2019-cu ilin Türkiyə və Azərbaycan xalqına uğur gətirməsini diləyirəm. Qarabağ zəfərini birlikdə qeyd edək, inşallah!”.

Naxçıvan Dövlət Universiteti elmin, tədrisin və mədəniyyətin inteqrasiyasını özündə birləşdirən mötəbər ali məktəbdir

Bəli, bu gün mötəbər ali təhsil ocağında xarici tələbələrin təhsili üçün hərtərəfli şərait yaradılıb. Tələbələrin bəziləri müharibənin, bəziləri isə ciddi sosial problemlərin içindən çıxıb gəlib. NDU-da təhsil almaq, sabitlik və inkişaf məkanı olan muxtar respublikada yaşamaq onların arzusu, düşünülmüş siyasi xəttin bəhrəsidir. Bütün bunlar bir daha təsdiq edir ki, NDU elmin, tədrisin və mədəniyyətin inteqrasiyasını özündə birləşdirən mötəbər ali məktəbdir. Naxçıvanın dünyaya açılan qapısıdır. Prezident İlham Əliyevin dediyi kimi: “Naxçıvan Dövlət Universiteti böyük və şərəfli yol keçmişdir. Mən şadam ki, universitet çox sürətlə inkişaf edir, burada çox böyük işlər görülür. Universitet dünyanın aparıcı ali məktəbləri ilə çox yaxşı işgüzar əlaqələr yarada bilibdir. Burada müxtəlif ölkələrdən tələbələr oxuyur. Bu da onu göstərir ki, Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada kifayət qədər yüksək səviyyədədir”.

AZƏRTAC-ın Naxçıvan bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.