REGİONLAR


Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyini ziyarət edib

Naxçıvan, 16 aprel, AZƏRTAC

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyində olub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bələdçi muzeyin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradıldığını, 2002-ci il iyunun 18-də muzeyin açılışında ümummilli lider Heydər Əliyev iştirak etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, muzeyin fondunda 1250-dən çox eksponat var. Bunlardan 388-i muzeyin ekspozisiyasında sərgilənir. Binanın birinci mərtəbəsində yerləşən 4 ekspozisiya zalında 181, ikinci mərtəbəsində yerləşən 5 ekspozisiya zalında isə 206 eksponat nümayiş olunur. Bunlardan 61-i orijinal rəsm əsəridir.

Teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışıb. Görkəmli rəssam doğma Vətəninin gözəlliklərini tərənnüm edib. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb. Azərbaycanlıların başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqın dəyərli sənət yaddaşıdır.

Sağlamlıq imkanları məhdud olan sənətkar cəmi 30 il ömür sürüb. Onun adı təkcə tanınmış rəssam kimi deyil, həm də maddi çətinliklərinə baxmayaraq, əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayan, onların təhsil almasına kömək göstərən görkəmli şəxsiyyət kimi tarixdə yaşayır.

Qeyd edək ki, muxtar respublikada Bəhruz Kəngərli irsi də hər zaman diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilib, rəssamın əsərlərindən ibarət albom-kataloq hazırlanıb. Ali Məclis Sədrinin 2012-ci il 12 yanvar tarixli Sərəncamına əsasən rəssamın 120 illik yubileyi muxtar respublikada geniş şəkildə qeyd olunub. 2016-cı il mayın 25-də isə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, parkda görkəmli rəssamın abidəsi ucaldılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.