REGİONLAR


Naxçıvan Dövlət Universitetinin kollektivi sərgi-satışla tanış olub

Naxçıvan, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil edilən məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışla tanış olublar.

AZƏRTAC-ın Naxçıvan bürosu bildirir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova sərgi-satış haqqında məlumat verib. Qeyd edib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada digər sahələr kimi, istedadlı qadınların, xüsusilə də fiziki imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır, onların fəaliyyəti üçün hər cür şərait yaradılır. Bu, qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Muxtar respublikada xüsusi istedadları ilə seçilən, xalq yaradıcılığının müxtəlif sahələri ilə məşğul olan qadınların məşğulluğunun təmin edilməsi, rifahının yüksəldilməsi məqsədilə onların əl işlərindən ibarət sərgi-satışların təşkili artıq ənənə halını alıb.

Qeyd olunub ki, sentyabrın 28-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış açılıb. Sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət növbəti sərgi-satış çeşid bolluğu və rəngarəngliyi ilə fərqlənir. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, dekorativ, tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma və oyma işləri, xalçalar, toxuculuq nümunələri və bir-birindən maraqlı digər dekorativ-tətbiqi sənət nümunələri qonaqlar tərəfindən maraqla qarşılanır. Oktyabrın 8-dək davam edəcək sərgi-satışa 442 müəllifin müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb. Bu günədək 34 min 800 manat dəyərində 2879 əl işi satılıb. Sərgi-satışın son günündə incəsənətin, dekorativ-tətbiqi sənətin ayrı-ayrı növləri üzrə “Ən yaxşı əl işi” müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov muxtar respublikada yaradılan mədəni mühit və münbit şəraitin qadınların zəngin potensialının üzə çıxarılması, dəyərləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib, sənətkarlıq nümunələrinin, əl işlərinin daha da artırılmasının önəmini vurğulayıb.

Qeyd edək ki, sərgi-satışda Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzi və İncəsənət fakültəsinin müəllim və tələbələrinin də rəsm əsərləri, əl işləri nümayiş olunur. İkinci dəfədir ki, sərgi-satışda iştirak edən Texnologiya Mərkəzi tərəfindən ilk dəfə olaraq çıxarılan keçə, punsh, mandala, muncuqla iş və qobelen xalça sənəti nümunələri böyük marağa səbəb olub, 45 qadının hazırladığı 1020 əl işindən 200-ü satılıb. İncəsənət fakültəsinin stendində isə 30 qadının 100-ə yaxın əl işi sərgilənib, ağac üzərində yağlı boya, tikmə ilə portret, ornament, miniatür əl işləri qonaqların xüsusi diqqətini çəkib, 2 min manat dəyərində 9 sənət nümunəsi satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.