REGİONLAR
Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti Əlincəqalada olub
Naxçıvan, 12 iyul, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) professor-müəllim heyətinin bir qrupunun “Əlincəqala” tarixi abidəsinə ekskursiyası təşkil edilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə tanışlıq olub. Muzeyin direktoru Kamal Gülmalıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il fevralın 11-də imzaladığı Sərəncama əsasən “Əlincəqala” dünya əhəmiyyətli tarixi abidəsinin bərpa edilməsi, qalada məskunlaşmış insanların tarixi qəhrəmanlıqlarını, məişətini və döyüş mübarizliyini əks etdirmək üçün burada yaradılan muzey haqqında ətraflı məlumat verib.
Bildirilib ki, muzeydə zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan, XIV-XV əsrlərə aid memarlıq nümunələri, Atabəylər dövrünə aid (XII-XIII əsrlər) mis pullar, XI-XII əsrlərə, XIX əsrə aid müxtəlif silahlar, XIX-XX əsrlərə aid bəzək əşyaları, Naxçıvan və Əlincəqala ilə bağlı nəşrlər nümayiş olunur. Bütün bunlar həm də orta əsr Azərbaycan mədəniyyətinin dəyərli nümunələri kimi muzeydə qorunub saxlanılır. Qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkillərindən ibarət stend də ziyarətçilərin diqqətini çəkir.