REGİONLAR
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev təhsil aldığı məktəbdə nümunəvi dərs keçib
Naxçıvan, 12 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin orta təhsil aldığı Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin IX sinif şagirdlərinə “Azərbaycan tarixi” fənnindən nümunəvi dərs keçib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, rektor dərsdə Qarabağ və Naxçıvan xanlığının tarixindən ətraflı bəhs edib, erməni iddialarının hədəfində olan bu bölgələrimizin tarixən Azərbaycan torpaqları olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik məharəti ilə torpaqlarımızın qısa müddətdə - 44 gündə düşmən işğalından azad edilməsi xalqımızda böyük sevinc və qürur hissi yaşatdı. II Qarabağ müharibəsində qazandığımız Qələbənin mənəvi tərəflərinə diqqət çəkən Elbrus İsayev qeyd edib ki, biz nahaq yerə qan axıtmamışıq, itirdiyimiz, bizdən alınan, soydaşlarımızın zorla qovulduğu torpaqları geri qaytarmışıq. Vətən müharibəsi Zəfərlə yekunlaşıb, düşmən diz çöküb və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Ölkəmizin öz torpaqlarını işğaldan azad etməsi həm də erməni faşizminin iç üzünün açılması baxımından ən uğurlu addım sayıla bilər. Müharibədən sonra bir daha aydın oldu ki, ermənilər vaxtilə işğal etdikləri bütün şəhər və kəndlərimizi viran qoyub, tarixi abidələrimizi vəhşicəsinə dağıdıblar. Elbrus İsayev ixtisasından asılı olmayaraq hər kəsin tariximizi öyrənməsinin, keçmişdən dərs götürməsinin əhəmiyyətini vurğulayıb. Sonda şagirdlərin suallarını cavablandırıb.
Elbrus İsayev müəllifi olduğu “Böyük İpək Yolu və Naxçıvan” (2012) kitabını və universitetin “Elmi əsərlər” jurnalını məktəbin kitabxanasına hədiyyə edib.
Qeyd edib ki, şagirdlər öz müəllimləri ilə birgə yazdıqları məqalələri həmin jurnalda dərc etdirə bilərlər.