REGİONLAR
Naxçıvan Dövlət Universitetinin tələbələri HELP proqramının onlayn kursuna qoşulublar
Naxçıvan, 30 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbələri Avropa Şurası tərəfindən həyata keçirilən Hüquqşünasların İnsan Hüquqları üzrə Maarifləndirilməsi Proqramının (HELP) onlayn kursuna qoşulublar.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Avropa İnsan Hüquqları Məhkəməsinə və Avropa İnsan Hüquqları Konvensiyasına giriş” adlanan kursda tələbələr Avropa İnsan Hüquqları Konvensiyasında təsbit edilən normalar, Avropa İnsan Hüquqları Məhkəməsi strukturu, məhkəməyə müraciət etmə qaydası, qərarların qəbul edilməsi, qərarların icrasına nəzarət edilməsi kimi məsələləri öyrəniblər.
Təqdimat zamanı tələbələr HELP proqramının xüsusiyyətləri, onlayn tədrisin əhəmiyyəti və proqramın platformasında qeydiyyatdan keçmək yolu ilə tanış olublar. Eyni zamanda iştirakçılara platformada yerləşdirilmiş onlayn sərbəst və distant kurslara yazılmaq və kurs materiallarından maksimal dərəcədə yararlanmaq yolları izah edilib.
Hər modulun sonunda biliklərin qiymətləndirilməsi aparılıb və tələbələr kursu müvəffəqiyyətlə bitirərək Avropa Şurası HELP proqramının sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, HELP proqramı hüquqşünaslar üçün Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yeniliklər ilə tanış olmaq imkanı yaradır.